Bu hesaba 10 ildən sonra Azərbaycanda elektrik enerjisinin 30 faizini bərpaolunan enerji təşkil edəcək
Bütün dünyada elektrik enerjisi istehsalının dominant mənbəyi ənənəvi enerji mənbələridir. Bununla belə bir çox yerlərdə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı artmaqda davam edir. Ölkəmizdə də enerjinin bu növünün istehsalına diqqət getdikcə artır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin dekabr ayında Azərbaycandakı külək elektrik stansiyalarında (KES) 7,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Noyabr ayı ilə müqayisədə bu göstərici 1,4 milyon kilovat-saat çoxdur. Ölkədəki günəş elektrik stansiyalarında (GES) isə dekabrda 1,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
Prezident İlham Əliyev 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasını hədəf kimi müəyyənləşdirib. Dövlət başçısının imzaladığı sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi, bərpaolunan enerji mənbələrindən istifadə sahəsində də əlverişli investisiya mühiti yaradılıb, özəl sərmayələrin cəlb edilməsi və irimiqyaslı layihələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qarşıdakı 10 il ərzində təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulur. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılır.
Dövlət başçısının tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı özəl investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır.
Bu barədə İqtisadiyyat və Energetika nazirlikləri birgə məlumat da yayıblar. Məlumatda bildirilir ki, Azərbaycanın elektroenergetika, o cümlədən bərpaolunan enerji mənbələri sahəsinə xarici və yerli investorların marağı artır. “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Prezidentin 29 may 2019-cu il tarixli sərəncamı ilə müəyyən edilmiş vəzifələrin mühüm istiqamətlərindən biri elektroenergetika sahəsinə özəl investisiyaların cəlb edilməsi üçün zəruri tədbirlərin görülməsidir. Energetika Nazirliyi tərəfindən ilkin layihəsi hazırlanmış 2050-ci ilədək dövrü əhatə edən energetika sektorunun uzunmüddətli inkişaf strategiyası məhz özəl investisiyalara istiqamətlənən inkişaf modelinə əsaslanır. Azərbaycan bərpaolunan enerji mənbələri ilə zəngin resurslara malik ölkələrdəndir. Odur ki, günəş və külək enerjisi potensialından səmərəli istifadəni təmin etmək qarşıya vəzifə kimi qoyulub.
“Yaşıl enerji” zonasının yaradılması ilə bağlı çağırışlar beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilir və bu sahədə əməkdaşlığa maraq ifadə edilir. Beləliklə, Azərbaycanın işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonalarına çevriləcək, bu rayonların davamlı inkişafı üçün yeni imkanlar açılacaq.
https://www.azerbaijan-news.az/posts/detail/qarabagda-yasil-enerji-1612472164