İqtisadi artımı zəiflətmədən, hətta əksinə stimullaşdıraraq ekoloji problemlərin və ətraf mühitə təsirin azaldılması üçün Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalata (RSTİ) keçid ölkəmiz üçün olduqca aktualdır. RSTİ kompleks tədbirlərin həyata keçirilməsi hesabına istehsalat fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlib ki, bu da iqtisadi, ekoloji və sosial faydalar əldə etməyə imkan yaradır. RSTİ-nin əsas məqsədləri resurs səmərəliliyi, tullantıların əmələ gəlməsinin minimallaşdırılması və insanların rifahının yaxşılaşdırılmasıdır.
Qeyd edilməlidir ki, ölkəmizdə bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində müvafiq fəaliyyətlərin həyata keçirilməsinə başlanılıb.
Belə ki, 2013-2017-ci illərdə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələrində iqtisadiyyatın ekolojiləşdirilməsi” proqramı (EaP GREEN) çərçivəsində Azərbaycanda iqtisadiyyatın “yaşıl” formasına keçid prosesini sürətləndirməyə dəstək göstərilib, fəaliyyətin davamlılığının təmin edilməsi məqsədilə EU4Environment proqramına start verilib. Proqram Şərq tərəfdaşlığı ölkələrində, o cümlədən Azərbaycanda təbii kapitalın qorunması və daha yaxşı istifadəsi, insanların ekoloji rifahının artırılması və iqtisadi artımı stimullaşdırmaq məqsədi daşıyır. 2019-2022-ci illəri əhatə edəcək proqram çərçivəsində tərəfdaş ölkələr tərəfindən müəyyənləşdirilmiş nəticələrin əldə edilməsinə 5 icraçı təşkilat- OECD, UNECE, UNEP, UNIDO və Dünya Bankı cəlb edilib.
Proqram çərçivəsində KOB-ların Resurs Səmərəliliyi Təmiz İstehsalata keçidinin dəstəklənməsi üçün UNIDO təbliğat və Milli potensialın artırılması fəaliyyətlərini davam etdirməkdədir. Bundan əlavə, UNIDO müəssisələr, hökumət və vətəndaş cəmiyyəti institutları arasında Dairəvi İqtisadiyyatın imkanlarını və üstünlüklərini artırmaq üçün dairəvi dəyər zəncirlərinin yaradılmasına dəstək ola biləcək imkanları müəyyənləşdirməkdədir.
EU4Environment proqramının “Dairəvi İqtisadiyyat və Yeni İnkişaf İmkanları” çərçivəsində UNIDO Azərbaycanda “KOB-lar arasında Resurs Səmərəli Təmiz İstehsalat”ın miqyasını genişləndirərək KOB-ların fəaliyyətində RSTİ və eko-innovasiya yanaşmalarından istifadə potensialının artırılması üzərində işləməyi nəzərdə tutur. Azərbaycanda təxminən 35 müəssisəyə biznes modellərinin yenidən işlənməsinə köməklik göstəriləcək. RSTİ metodologiyasının tətbiqi məhsuldarlığı, məhsul keyfiyyətini və KOB-ların rəqabət qabiliyyətini artırmağa kömək edəcək. Bu kontekstdə RSTİ klublarının dəstəklənməsi, dairəvi iqtisadiyyatın tətbiqi, yerli ekspertlərin təlimi, müəssisələrdə RSTİ qiymətləndirilməsi, məlumatlılığın artırılması, bilik mübadiləsi və s. kimi fəaliyyətlərin icrası planlaşdırılır.
https://azertag.az/xeber/Novbeti_onillik_uchun_olkenin_Milli_Prioritetlerine_hem_iqtisadi_artim_hem_de_temiz_etraf_muhit_meseleleri_daxildir-1704789?fbclid=IwAR38B02H4-VtbO8Gm7AZLJi_yGAh_svr5uw0ILc6Vn8I3hTAPKo4XM2Q3Wc