XƏBƏRLƏR

ACE Group Consultants 24-cü Beynəlxalq Xəzər Neft-Qaz Sərgisində iştirak edib.

MAY 30, 2017

Mayın 31-dən iyunun 3-dək Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir –        24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas 2017” sərgisi keçiriləcək. 

Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforma olan Xəzər Neft və Qaz “Caspian Oil& Gas” sərgisi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçiləri öz meydançasında bir araya gətirir.

Bu il sərgidə Almaniyadan, Çindən, Gürcüstandan, İrandan, Niderland Krallığı, Özbəkistandan, Rusiyadan, Türkiyədən, və digər ölkələrin şirkətləri iştirak edəcək. Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcəklər. İtaliya və Almaniya sərgidə öz milli pavilyonlarını təqdim edəcəklər.

İyunun 1-2-də “JW Marriott Absheron Baku” otelində keçiriləcək ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas Conference” konfransında müasir dövrün reallıqları fonunda ölkəmizin neft-qaz sənayesinin gələcək inkişafı, Avropaya enerji təchizatının təmin edilməsində Azərbaycanın rolu, təchizat əməliyyatlarının ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi və bir sıra digər aktual mövzular müzakirə olunacaq.

Beləliklə, sərgi və konfrans ənənəvi olaraq podratçılara sifarişçilər və həmkarlarla ünsiyyət saxlamaq, texnologiya və xidmətləri iş prosesində nümayiş etdirmək və faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya və texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirəcək. 

"ACE Group Consultants" şirkətidə öz növbəsində keçiriləcək Beynəlxalq Xəzər Neft-Qaz Sərgisində iştirak edəcək. Bu iştirak çərçivəsində neft və qaz sənayesini təmsil edən potensial müştərilərə ACE-in xidmətləri barədə məlumat veriləcək, Azərbaycan,Türkiyə, Qazaxıstan, Birləşmiş Krallıq, Belarus, Gürcüstan və s. ölkələrin biznes sferasından yeni tanışlıqlar və işgüzar münasibətlər qurulacaq.