XƏBƏRLƏR

Ərəb şirkətləri Azərbaycanda külək və günəş elektrik stansiyaları tikəcək

YANVAR 09, 2020

Yanvarın 9-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun iştirakı ilə Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib.

Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. 

“Azərbaycan Respublikasının energetika sektorunda islahatların surətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə 9 beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq əlaqələri yaradılaraq,  intensiv müzakirələr aparılıb. “ACWA Power” və  “Masdar” şirkətləri təkliflərini təqdim edən 7 şirkət arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyən edilib. İlk mərhələdə ölkədə müəyyənləşdirilmiş tariflərə uyğun qiymət təklifləri təqdim edən şirkətlər seçilib. İkinci mərhələdə investorlara verilməsi nəzərdə tutulan zəmanətlər və götürüləcək öhdəliklər, layihələrin həyata keçiriləcəyi ərazilər, habelə elektrik enerjisi  şəbəkəsində aparılacaq gücləndirmə işləri üzrə ən əlverişli təklifləri verən şirkətlər seçilib. Üçüncü mərhələdə  şeçilmiş şirkətlərlə şərtlərin daha da dəqiqləşdirilməsi və layihələrin iqtisadi cəlbediciliyinin artırılması məqsədilə danışıqlar aparılıb və bu mərhələnin yekunu olaraq, ötən il oktyabrın 31-də şirkətlərin təklifləri olan zərflər açılıb.  “ACWA Power” və “Masdar” şirkətləri ilə  pilot layihələr üzrə əməkdaşlığa dair qərar qəbul edilib.

https://apa.az/az/senaye-ve-energetika/rb-sirktlri-Azrbaycanda-kulk-v-guns-elektrik-stansiyalari-tikck-566718