XƏBƏRLƏR

Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi

DEKABR 03, 2020

Hazırda qlobal energetika sistemində enerji keçidi prosesi sürətlənir. Enerji keçidi müasir dövrdə enerji təhlükəsizliyi, iqtisadi inkişaf və ətraf mühitin qorunması arasında balansı təmin edən alət kimi qəbul olunur. Bu məqsədlə dünyada bərpa olunan, ekoloji cəhətdən təmiz enerjidən istifadənin genişləndirilməsi və enerji səmərəliliyinin artırılmasını birmənalı dəstəkləyən strateji qərarlar qəbul edilir.

Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və mərhələli şəkildə liberal bazar modelinə keçilməsi də Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar prosesinin hədəfləridir. Qeyd edək ki, Azərbaycan Paris Sazişinə qoşulub, 1990-cı illə müqayisədə 2030-cu ilədək istixana qazı emissiyalarının 35%-dək azalmasına dair öhdəlik götürüb və növbəti on ildə elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payını artırmağa çalışır. Bu hədəflərə, o cümlədən enerji səmərəliliyinə nail olmağın, istehsaldan istehlakadək dəyər zəncirinin bütün həlqələrinin bir-birindən ayrılaraq, rəqabətli enerji bazarını formalaşdırmağın yolu isə məhz islahatlardan keçir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli və "Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 2019-cu il 5 dekabr tarixli sərəncamları, eləcə də 2020-ci il 22 sentyabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması energetika sektorunda əsaslı dəyişiklikləri təmin edən strateji sənədlərdir.

Bu sənədlər energetika sektorunda islahatların istiqamətlərini, vaxtını və hökumətin bu prosesdə qərarlılığını aydın göstərməklə, qısa, orta və uzunmüddətli perspektivdə enerji siyasətinin və ölkənin gələcək enerji mənzərəsinin konturlarını müəyyənləşdirir. Energetika sektorunda institusional islahatların aparılması, bu sahənin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, özəl, eləcə də, xarici investisiyaların cəlb edilməsi, rəqabət mühitinin yaradılması və yeni qanunvericilik bazasının yaradılmasından ibarət yeni mərhələyə artıq başlanıb.

Buna bariz nümünə, Azərbaycan Respublikasının Nazirlər Kabinetində 9 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə   Ərəbistanının “ACWA Power” və  Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələrin imzalanmasıdır. Muqavilələrə uyğun olaraq “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən, illik 1,4 mlrd. kvt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Hər iki şirkətlər Azərbaycanda bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına səmayə yatıracaqlar və maliyyələşdirmənin bütün həcmini öz üzərlərinə götürəcəklər. Külək və günəş enerjisi ilə işləyən bu 440 meqavatlıq stansiyalar təxminən 400 milyon ABŞ dolları məbləğində tam xarici investisiya hesabına tikiləcək ki, bu da ölkəmizdə bərpa olunan enerji sahəsində ilk olaraq digər layihələrə investorların cəlbi üçün nümunə olacaq.

Qısa məlumat verək ki, “ACWA Power” şirkəti hazırda qlobal miqyasda bərpaolunan enerji sahəsində 8000 meqavat olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30 min 200 meqavat qoyuluş gücünə bərabər istehsal və 45 milyard ABŞ dolları məbləğində investisiya portfelinə malikdir.

“Masdar” şirkəti isə bərpaolunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4000 meqavat həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8,5 milyard dollar investisiya yatırıb.

#energy #renewable #boem #regulator #minenergy #azerbaijan #supportenergy #investisiya #investment #istehlakci #stratejiyolxeritesi #sistemoperatoru #huquq #huquqixidmet #law #lawyer #consulting #translate #masdar #acwapower #meqavat #azerbaijan #project #pilot #yeniyashma #energypower #acegroupconsultants