Ölkəmizdə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və ictimai iştirakçılığın genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilmişdir.
Bu Fəaliyyət Planı ölkəmizdə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilən islahatların tərkib hissəsi olmaqla, burada nəzərdə tutulan tədbirlər dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması, həmçinin informasiya əldə edilməsinin təmin olunması sahələrində mühüm töhfə verəcəkdir.
Ölkədə sosial-iqtisadi və inzibati sahələrdə davamlı olaraq həyata keçirilən tədbirləri, o cümlədən ölkədə biznes mühitinin əlverişliliyinin daha da yüksəldilməsi, əmlakın qeydiyyatının asanlaşdırılması, elektron satınalma, kreditlərin əlçatanlığı, vergi və gömrük inzibatçılığının sadələşdirilməsi, biznes dairələrinə göstərilən dövlət dəstəyinin artırılması sahəsində görülən tədbirləri nüfuzlu beynəlxalq təşkilatlar yüksək qiymətləndirmiş.
Milli Fəaliyyət Planının 9-cu bəndinə əsasən əhaliyə göstərilən kommunal xidmətlərdə şəffaflığın, hesabatlılığın və müştəri məmnunluğunun artırılması sahəsində tədbirlərin görülməsi, o cümlədən Kommunal xidmətlərin elektronlaşdırılması və bu sahədə səmərəliliyin artırılması sahəsində tədbirlər görülməsi, Kommunal Xidmətlər Vahid İnformasiya Sistemində kommunal xidmətlərlə bağlı rəy, təklif və şikayətlərin qəbulu bölməsinin və Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzinin yaradılması kimi tədbirlərin icrası müvafiq dövlət qurumlarına tapşırılmışdır.
Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyaları Energetika Nazirliyinə həvalə edilib. Cari ilin sonuna kimi “ASAN xidmət” tərəfindən sistemin test fazasına başlanması planlaşdırılır. Bu, istehlakçıların bütün kommunal xidmətlər üzrə onlara aid məlumatları vahid şəxsi kabinet üzərindən idarə etmələrinə imkan yaradır.
Kommunal xidmətlər üzrə vahid informasiya bazasının yaradılması bu sahədə həyata keçirilən siyasətin mərkəzləşdirilməsi və sistemləşdirilməsi, müvafiq xidmətlər üzrə müraciətlərin vahid platformadan ünvanlanması, bu xidmətlərin hər kəs üçün daha əlçatanlığı və fasiləsizliyi, yaranan çətinliklərin operativ həlli baxımından faydalıdır.
“ACE Group Consultants” şirkətində sahibkarlara Kommunal Xidmətlər Vahid İnformasiya Sistemindən istifadə üzrə köməklik və funksional yardımçı xidmətlər, o cümlədən bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər göstəriləcək. Şirkətin əməkdaşları hüquqi yardım xidmətləri sosial innovasiyaların tətbiqi ilə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təmin edəcək. Bundan başqa, regionlarda fəaliyyət göstərən yerli sahibkarlar və ölkəmizə ilk dəfə sərmayə yatıran xarici sərmayəcilər üçün hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulur.