XƏBƏRLƏR

Bərpa olunan enerjinin istehsalına icazə alınma proseduru

DEKABR 07, 2020

Ölkəmizdə dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması yolu ilə səmərəliliyin, hesabatlılığın və şəffaflığın artırılması üçün kompleks islahatlar davam etdirilir. İndiyədək bu  islahatlar çərçivəsində bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsinin inkişaf etdirilməsi, enerji istehsalına icazələrin alınma prosedurlarının təkmilləşdirilməsi və bu sahəyə özəl investisiyaların cəlb olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericilik aktlarına dəyişikliklər edilib, elektrik enerjisinin istehsalına, nəqlinə, paylanmasına, idxal və ixrac edilməsinə icazə alma mexanizmi ASAN sistem əsasında sadələşdirilib və müraciətlərə baxılma müddətləri qısaldılıb.

Təsadüfi deyil ki, bu sahə üzrə həyata keçirilən islahatlar beynəlxalq təşkilatlar  tərəfindən də yüksək qiymətləndirilib. Bununla belə, bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində iqtisadi inkişafın daha da genişləndirilməsi və bu sektorda islahatların davam etdirilməsi, eyni zamanda, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrindən irəli gələn tədbirlərin icrasının təmin edilməsi sahə üzrə icazə verilməsinə vahid yanaşmanın təmin edilməsini vacib edirdi.

Bu məqsədlə, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 177-VQ nömrəli Qanununun təsdiq edilməsi bu sahədə yeni yanaşmanın tətbiqinə imkan verəcəyi şübhəsizdir. Belə ki, həmin Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrini “TİT” modelinə uyğun həyata keçirən investor həyata keçirdiyi fəaliyyətlə bağlı dövlət rüsumlarından və yığımlardan azaddır. Həmin Qanunun 3.1-ci maddəsi tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin “TİT” modelinə uyğun olan maliyyələşmə əsasında tikintisinə (inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına), idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir və 3.1.8-ci maddəsində qeyd olunduğu kimi bura geotermik və tullantıların istilikyaratma qabiliyyəti əsasında işləyən obyektlər və qızdırıcı sistemlər, elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satışı ilə məşğul olan müəssisələr aiddir.

Eyni zamanda  həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq  Tərəflərin razılığına əsasən səlahiyyətli orqan investorun istehsal etdiyi mal və xidmətlərin müəyyən həddə qədər satın alınmasına dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarantiya öhdəliyi götürə bilər, eləcədə həmin Qanunun 10-cu maddəsinə əsasən  “TİT” modelinə uyğun bağlanmış müqavilə üzrə investorlar qarşısında götürülmüş öhdəliklərin icrasına dövlət zəmanəti verilir. Əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli, 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na əsasən İnvestisiya təşviqi sənədi almış sahibkarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə edə bilərlər.

Görünən odur ki, son illər sözügedən sahənin inkişafı ilə bağlı tətbiq edilən qanunvericilik aktları,  eyni zamanda, icazə prosedurunun sadələşdirilməsi bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsinə əlavə stimul yaradır. Bununla əlaqədar biz “ACE Group Consultants” şirkəti olaraq hər zaman bu sahədə biznes münasibətlərin qurulmasına, tələb olunan müvafiq  lisenziya və icazələrin alınmasına və investisiyaların yatırımı ilə bağlı fəaliyyətinizə dəstək göstərmək məqsədilə bütün xidmətlərimizi sizə təklif etməkdən məmnun olarıq.