XƏBƏRLƏR

Azərbaycan, Qazaxıstan və Özbəkistan birgə yaşıl enerji şirkətini rəsmiləşdirib

İYUL 03, 2025

Azərbaycanın Energetika Nazirliyi Azərbaycan–Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi layihəsinin həyata keçirilməsi məqsədilə “AzərEnerji” ASC, Qazaxıstanın Elektrik Şəbəkələrinin İdarə Olunması Şirkəti (KEGOC) və Özbəkistanın Milli Elektrik Şəbəkələri ASC tərəfindən yaradılmış Green Corridor Union MMC-nin təsis olunması və nizamnaməsinin təsdiqlənməsi ilə bağlı tədbir keçirib.

Tədbirdə çıxış edən energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən COP29 çərçivəsində imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq Sazişinin əhəmiyyətini vurğulayıb. O, həmçinin bu layihə üzrə hər üç ölkə və Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi arasında bağlanmış İcra Proqramının layihənin həyata keçirilməsinə əsas yaratdığını qeyd edib.

Soltanov bildirib ki, “AzərEnerji” ASC, KEGOC və Özbəkistanın Milli Elektrik Şəbəkələri ASC tərəfindən Bakıda fəaliyyət göstərəcək birgə müəssisə — Green Corridor Union MMC təsis olunub. Layihənin icrasının enerji təhlükəsizliyinin təmin olunmasına, ölkələrimizin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına və yaşıl enerji gündəliyinə mühüm töhfə verəcəyi qeyd olunub. Görüş zamanı birgə müəssisənin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Tədbirin sonunda Green Corridor Union MMC-nin yaradılmasına dair sənədin imzalanma mərasimi keçirilib. Sənədi “AzərEnerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev, KEGOC-un Departament rəhbəri Saltanat Şunayeva və Özbəkistanın Milli Elektrik Şəbəkələri ASC-nin İdarə Heyəti sədrinin müavini Feruz Kurbonov imzalayıblar.

Bununla yanaşı, Green Corridor Union MMC-yə rəhbər (baş direktor) vəzifəsinə Fərhad Məmmədovun təyin olunması barədə razılığa gəlinib.

https://renewables.az/en/news/joint-venture-set-up-for-azerbaijan-central-asia-green-energy-corridor-project