Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və beynəlxalq məsləhətçi şirkət “Arthur D. Little” sənayedə süni intellekt texnologiyalarının tətbiqi və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüş SOCAR prezidenti Rövşən Nəcəf ilə “Arthur D. Little” şirkətinin idarəedici partnyoru və şirkətin Qlobal Enerji və Kommunal Xidmətlər bölməsinin rəhbəri Maykl Kruse arasında baş tutub.
Tərəflər SOCAR-ın enerji sahəsindəki çoxşaxəli fəaliyyəti, eləcə də ölkə daxilində və xaricdə həyata keçirdiyi strateji layihələr barədə fikir mübadiləsi aparıblar. Görüş zamanı həmçinin enerji sənayesində innovativ idarəetmə modelləri, əməliyyatların optimallaşdırılması və rəqabət qabiliyyətinin artırılması üzrə müxtəlif təcrübələr nəzərdən keçirilib.
Tərəflər enerji keçidi, rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı məsələlər üzrə qarşılıqlı maraq doğuran mövzularda fikir mübadiləsi aparıblar.
https://report.az/en/energy/socar-arthur-d-little-explore-ai-implementation-in-industry/