XƏBƏRLƏR

Azad edilmiş ərazilərdə yaşıl texnologiyaların tətbiqinə nəzarət və monitorinq üçün 2026-cı ilə aid icra qrafiki təsdiq olunub

DEKABR 26, 2025

Energetika Nazirliyində işğaldan azad edilmiş torpaqlarda yaşıl enerji texnologiyalarının və enerji səmərəliliyinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq İşçi Qrupunun 11-ci iclası baş tutub.

İclasda İşçi Qrupun sədri, energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin müvafiq sərəncam və tapşırıqları əsasında azad olunmuş ərazilərdə aparılan böyükmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib. Ötən iclasdan sonra istifadəyə verilən və təməli qoyulan yaşayış məntəqələri və sosial obyektlər haqqında danışılıb, həmçinin bu ərazilərdə hazırda 65 mindən çox sakinin yaşadığı vurğulanıb.

Yaşıl enerji layihələri çərçivəsində Cəbrayıl rayonunda hər biri 50 MVt gücündə olan “Şəms” və “Üfüq” günəş elektrik stansiyalarının təməlinin qoyulduğu, “Şəfəq” GES-də tikinti işlərinin davam etdiyi, Kəlbəcər rayonunda külək enerji potensialının ölçülməsinə başlanıldığı qeyd edilib. Bundan əlavə, azad edilmiş ərazilərdə ümumilikdə 307 MVt gücündə 38 kiçik su elektrik stansiyasının fəaliyyət göstərdiyi bildirilib.

İclasda əvvəlki qərarların icra vəziyyəti və yaşıl texnologiyaların tətbiqi ilə bağlı monitorinq nəticələri müzakirə olunub. Füzuli və Ağdam şəhərlərində, Füzuli rayonunun Dövlətyarlı, Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində keçirilmiş yoxlamaların nəticələri təqdim edilib. Günəş panelləri, günəş kollektorları, günəş enerjisi ilə işləyən LED işıqlandırma sistemləri, ağıllı dayanacaqlar, izolyasiya materialları və digər yaşıl həllərin tətbiqi göstəriciləri diqqətə çatdırılıb.

Həmçinin yaşayış komplekslərində istilik təchizatı və mövcud vəziyyətin təhlili ilə bağlı fikir mübadiləsi aparılıb. İclasın yekununda işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqin 2026-cı il üçün icra qrafiki təsdiqlənib.

Tədbirdə İşçi Qrupa üzv dövlət qurumlarının nümayəndələri ilə yanaşı, azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri, “Bərpa Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsləri, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və “Azəristiliktəchizat” ASC-nin təmsilçiləri iştirak ediblər.

https://renewables.az/az/news/azad-edilmi-razil-rd-ya-l-texnologiyalar-n-t-tbiqi-zr-monitorinqin-apar-lmas-n-n-2026-c-il-n-icra-qrafiki-t-sdiql-nib