Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq uğurla davam etdirilir.
Bunu Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.
Səfir qeyd edib ki, bir sıra Çin şirkətləri Azərbaycanla birlikdə günəş və külək elektrik stansiyalarını əhatə edən, ümumi quraşdırılmış gücü 1 570 MVt olan 5 yeni layihənin reallaşdırılması üçün müqavilələr imzalayıb. “Bu layihələr tamamlandıqda Azərbaycanın bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı potensialı təxminən iki dəfə artacaq”, – deyə Lu Mey vurğulayıb.
O, həmçinin Çin şirkətlərinin icra etdiyi 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinin bu il başa çatacağını diqqətə çatdırıb: “Bu, Azərbaycanda külək enerjisi sahəsində həyata keçirilən ilk böyükmiqyaslı layihədir”.
Diplomat əlavə edib ki, Çinə məxsus özəl şirkətlər Ələt Azad İqtisadi Zonasında illik 3 QVt gücündə günəş panelləri istehsal edəcək zavod tikəcəklər. “Bu layihə Azərbaycanın yüksək texnologiyalı emal sənayesinin inkişafına mühüm töhfə verəcək”, – səfir qeyd edib.
https://report.az/en/energy/lu-mei-chinese-companies-to-build-renewable-energy-plants-with-total-capacity-of-1-570-mw-in-azerbaijan