XƏBƏRLƏR

ADB Azərbaycanda bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası layihəsinə başlayır

YANVAR 07, 2026

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan və Tailandı əhatə edən “Ağıllı enerji sistemlərinin və enerji şəbəkələrinə inteqrasiya infrastrukturunun tətbiqinin sürətləndirilməsi (Alt layihə 2)” adlı layihəni təsdiqləyib.

Layihənin büdcəsi 1,5 milyon ABŞ dolları təşkil edir və maliyyələşməni İntellektual Enerji İnnovasiyaları Fondu həyata keçirəcək.

Alt layihə əsasən Azərbaycan və Tailanda dəstək verməyə yönəlib, lakin gələcəkdə ADB-nin digər inkişaf etməkdə olan üzv ölkələrinin ehtiyaclarına uyğun olaraq genişləndirilə bilər. Bu ölkələr arasında Qazaxıstan (elektrik mobilliyi və şarj infrastrukturu), Qırğızıstan (data mərkəzləri) və Tailand (data mərkəzlərinin dayanıqlı enerji təchizatı) qeyd olunur.

ADB-dən bildirilib ki, alt layihə ağıllı enerji sistemlərinə və bərpa olunan enerji mənbələrinin (BOEM) şəbəkəyə inteqrasiyası infrastrukturuna investisiyaların təşviqinə, benefisiar ölkələrdə innovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqinə fokuslanıb.

Layihə texniki yardım klasterinin bir hissəsi kimi icra olunacaq və intellektual şəbəkələr, sektorlararası təmiz enerji komponentləri və BOEM-in inteqrasiyası sahəsində həllərin tətbiqini nəzərdə tutur.

İcra çərçivəsində ölkə qiymətləndirmələri, sektorial və texnoloji icmallar, özəl sektorun inkişafı üzrə diaqnostik araşdırmalar hazırlanacaq. Həm suveren, həm də qeyri-suveren təşəbbüslər üçün layihələrin müəyyənləşdirilməsi, ilkin və ətraflı texniki-iqtisadi əsaslandırmalar aparılacaq. Texnoloji hazırlıq səviyyəsinin yüksəldilməsi isə bilik mübadiləsi və texniki təlimlərlə təmin ediləcək.

Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu dövr ərzində bank ölkəyə təqribən 5,6 milyard ABŞ dolları investisiya yatırıb: 4,4 milyardı dövlət sektoruna, 1,2 milyardı özəl sektora yönəldilib. Ən çox maliyyələşdirilən sahələr nəqliyyat (1,5 milyard dollar) və enerji (1,7 milyard dollar) olub.

Yeni tərəfdaşlıq strategiyasına əsasən, ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər əlavə investisiya qoymağa hazırdır.

1966-cı ildə qurulan ADB-nin mənzil-qərargahı Manilada yerləşir və bank 50-si Asiya-Sakit Okean regionundan olan 69 səhmdar ölkəni birləşdirir.

https://renewables.az/az/news/adb-az-rbaycanda-boem-in-enerji-b-k-l-rin-inteqrasiyas-zr-layih-y-start-verir