XƏBƏRLƏR

Prezident İlham Əliyev: Azərbaycanda elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə edir

YANVAR 13, 2026

Azərbaycanda elektrik enerjisi ilə təchizat tamamilə bütün ölkə ərazisini əhatə edib və ölkə artıq enerji ixracatçısına çevrilib.

Bu barədə Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin inkişafına dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunmuş müşavirədə çıxış edərkən bildirib.

Dövlət başçısı qeyd edib: “Biz tamamilə yeni mərhələyə qədəm qoymuşuq. Bu yaxınlarda yeni külək elektrik stansiyasının açılışında bu məsələyə toxunmuşdum. Hazırda bizim enerji generasiya gücümüz tələbatımızdan xeyli çoxdur. Artıq elektrik enerjisini ixrac edirik. Keçmişdə bu sahədə ciddi problemlər, enerji qıtlığı var idi, hətta xaricdən elektrik idxal etməyə məcbur idik. İndi isə görülmüş işlər nəticəsində generasiya gücləri əhəmiyyətli dərəcədə artırılıb – hazırda təxminən 10 min meqavata yaxındır. Eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər və paylayıcı şəbəkə vahid sistemə çevrilib, əvvəlki qüsurların böyük hissəsi aradan qaldırılıb.

Bu gün biz yalnız öz enerji tələbatımızı təmin etmək məsələsini həll etmişik, artıq ixrac imkanları haqqında düşünürük və bu imkanları yaradırıq. Bir neçə ildən sonra Azərbaycan, hazırda neft və qazı dünya bazarlarına çıxarıb bir sıra ölkələrin enerji təhlükəsizliyinə töhfə verdiyi kimi, elektrik enerjisini də qlobal bazara ixrac edəcək. Bunun üçün hazırda qonşu dövlətlərlə və onların şirkətləri ilə intensiv danışıqlar aparılır”.

https://renewables.az/az/news/prezident-elektrik-enerjisi-il-t-chizat-b-t-n-lk-ni-hat-edib