XƏBƏRLƏR

İtaliya Cənub Qaz Dəhlizinin genişləndirilməsini böyük maraqla izləyir

YANVAR 14, 2026

İtaliya hökuməti Cənub Qaz Dəhlizinin potensial genişləndirilməsi məsələsini diqqətlə araşdırır.

Bu barədə Trend-ə özəl müsahibəsində İtaliya-Azərbaycan Hökumətlərarası Komissiyasının Bakıdakı 6-cı iclası çərçivəsində İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini Edmondo Çirielli danışıb.

Nazir müavini vurğulayıb ki, Cənub Qaz Dəhlizi həm İtaliya, həm də bütün Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan infrastruktur layihəsidir.

“Xüsusilə Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra Azərbaycan qazının tədarükü Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və Rusiya qazından asılılığın azaldılması prosesində mühüm rol oynayıb. Trans-Adriatik Qaz Boru Kəməri (TAP) 2020-ci ildə istismara verildikdən indiyədək İtaliyaya 40 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edib. Bu da Azərbaycanı ölkəmizin ikinci əsas qaz tədarükçüsünə çevirib”, – deyə Çirielli qeyd edib.

O əlavə edib ki, əldə edilmiş müsbət nəticələri və bazar potensialını nəzərə alaraq, İtaliya hökuməti beynəlxalq maliyyə institutlarının aktiv iştirakı ilə və bazar qiymətləndirmələri əsasında Cənub Qaz Dəhlizinin genişləndirilməsini ciddi şəkildə nəzərdən keçirir.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TAP boru kəməri “Şahdəniz” yatağından hasil edilən təbii qazı birbaşa Avropa bazarlarına çatdırır. Son beş ildə TAP vasitəsilə Avropaya 54 milyard kubmetrdən artıq qaz nəql olunub. 1 yanvar 2026-cı ildən etibarən isə yeni Nəqliyyat Sazişi (GTA) çərçivəsində TAP əlavə uzunmüddətli ötürmə gücü təmin etməyə başlayıb.

https://az.trend.az/business/energy/4140852.html