XƏBƏRLƏR

“Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi 2032-ci ildən İtaliyaya da yaşıl elektrik enerjisi tədarük edəcək

YANVAR 14, 2026

2032-ci ildən mərhələli şəkildə fəaliyyətə başlayacaq “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi vasitəsilə Avropaya ixrac olunacaq yaşıl elektrik enerjisindən İtaliya da yararlanmaq imkanı əldə edəcək.

Bu barədə Energetika naziri Pərviz Şahbazov Bakıda Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasında çıxış edərkən məlumat verib.

Nazir həmçinin qeyd edib ki, İtaliyanın “CESI SpA” şirkəti “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizlərinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasında məsləhətçi tərəfdaş kimi iştirak edir.

Nazir vurğulayıb ki, İtaliya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji layihələrində aktiv rol oynayır: “Məsələn, “Ansaldo Energia” şirkəti azad edilmiş ərazilərdə yarımstansiyaların tikintisi və enerji infrastrukturunun bərpasında yaxından iştirak edir. Biz inanırıq ki, Azərbaycanın yaşıl enerji keçidi İtaliya ilə əməkdaşlığımızı yeni səviyyəyə yüksəldəcək. Azərbaycan təkcə ənənəvi enerji resurslarının təchizatçısı kimi deyil, həm də gələcəyin yaşıl enerjisinin mühüm tərəfdaşı kimi çıxış edəcək”.

https://renewables.az/az/news/x-z-r-qara-d-niz-avropa-ya-l-enerji-d-hlizi-taliyan-n-elektrik-enerjisind-n-faydalanmas-na-imkan-yaradacaq