Qazaxıstan “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində neft ixracı üçün yeni nəqliyyat yolları əldə edə bilər.
Bu barədə Qazaxıstan parlamentinin deputatı Murat Abenov Astanda jurnalistlərə açıqlamasında bildirib.
Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) qarşı son dövrdə baş verən hücumları şərh edən deputat qeyd edib ki, hazırda Qazaxıstan neftinin daşınması üçün alternativ marşrutların axtarışı ölkənin prioritet vəzifələrindən biridir.
“Bu baxımdan TRIPP layihəsi Qazaxıstana neft nəqli imkanlarını genişləndirmək üçün real fürsət yaradır”, – deyə M. Abenov vurğulayıb.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə Birgə Bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.
Yanvarın 14-də isə Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan və ABŞ arasında “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üzrə imzalanmış sazişi açıqlayıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşərək TRIPP layihəsinin icrası üzrə çərçivə proqramını təqdim ediblər.
Dərc olunan sənəddə qeyd olunur ki, layihə Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına dəstək məqsədilə 8 avqust 2025-ci il tarixində Ağ Evdə götürülmüş öhdəliklərin icrasına yönəlmiş yeni addımdır.
Mirzoyan və Rubionun birgə bəyanatında Ermənistanın TRIPP layihəsinin inkişafına cavabdeh olacaq “TRIPP Development Company” şirkətinin yaradılmasını təsdiqlədiyi və dəstəklədiyi bildirilir. Şirkətə ilkin mərhələdə 49 il müddətinə layihənin icrası hüququ veriləcək. İrəvan ABŞ-a şirkətin səhmlərinin 74 faizini təklif etməyi, qalan 26 faizini isə özündə saxlamağı planlaşdırır.
https://az.trend.az/azerbaijan/politics/4141484.html