XƏBƏRLƏR

Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində Azərbaycanın dekarbonizasiya mövqeyini təqdim edib

YANVAR 15, 2026

Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin təşkilatçılığı ilə keçirilən Əbu-Dabi Dayanıqlılıq Sammitində iştirak edib. Nazir müavini sammit çərçivəsində “Dekarbonizasiya üçün konkret addımlar” mövzusunda panel müzakirəsində çıxış edib.

Energetika Nazirliyinin yaydığı məlumata görə, Elnur Soltanov çıxışında COP29-un dekarbonizasiya prosesindəki roluna, Azərbaycanın bu sahədə yürütdüyü siyasətə və Avropa İttifaqının Sərhəddə Karbon Tənzimləmə Mexanizmi (CBAM) ilə bağlı fikirlərini bölüşüb.

Nazir müavini Prezident İlham Əliyevin ədalətli enerji keçidi və dekarbonizasiya tədbirlərinin inkişafı məhdudlaşdırmaması ilə bağlı mövqeyinə istinad edərək bildirib ki, bu prosesdə məcburi tədbirlərdən daha çox təşviqedici mexanizmlərin gücləndirilməsi daha effektivdir. O, Azərbaycanın karbon vergisinə yanaşmasının əsasında dekarbonizasiya tədbirlərinin və bu istiqamətdə xərclərin sərhəddə deyil, ölkə daxilində həyata keçirilməsinin, yaradılan əlavə dəyərin isə milli iqtisadiyyata birbaşa töhfə verməsinin dayandığını vurğulayıb.

Qeyd edək ki, Əbu-Dabi Dayanıqlılıq Həftəsi (ADSW) hökumət, biznes, maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən qlobal platformadır və BƏƏ-nin dayanıqlı inkişafı sürətləndirmək məqsədilə təşkil etdiyi ən mühüm tədbirlərdən biridir.

https://renewables.az/az/news/energetika-nazirinin-m-avini-bu-dabi-dayan-ql-l-q-h-ft-sind-x-edib