XƏBƏRLƏR

Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi qurulur

YANVAR 16, 2026

Azərbaycanda enerji resurslarından səmərəli istifadə və enerji effektivliyinin təmin edilməsi məqsədilə yeni informasiya sistemi yaradılır.

Trend-in məlumatına görə, bu yenilik Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna edilən dəyişikliklərdə öz əksini tapıb.

Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qurum Enerji Effektivliyi İnformasiya Sistemi vasitəsilə aşağıdakı funksiyaları həyata keçirəcək:

Qeyd olunub ki, “İnformasiya əldə etmək haqqında” Qanunla məhdudlaşdırılan məlumatlar istisna olmaqla, sistemə daxil edilən bütün informasiya ictimaiyyət üçün açıq olacaq. Məlumatların mühafizəsi və istifadəsi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Fərdi məlumatlar haqqında”, “Elektron imza və elektron sənəd haqqında” qanunların tələblərinə uyğun aparılacaq.

Müvafiq qurum enerji effektivliyi informasiya sisteminin əsasnaməsini təsdiq etməli, habelə məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektləri və qeyri-yaşayış binalarının siyahısını müəyyən meyarlar əsasında formalaşdırıb təsdiqləməlidir. Siyahıya enerji istehlakçılarının (hüquqi və ya fiziki şəxslərin adı, soyadı, VÖEN, ünvanı, fəaliyyət sahəsi, illik enerji istehlakı həcmi) və qeyri-yaşayış binalarının (təyinatı, mərtəbə sayı, sahəsi, mülkiyyətçisi haqqında məlumatlar) daxil edilməsi nəzərdə tutulur.

Sistemin yaradılması beynəlxalq təcrübəyə uyğun olaraq enerji səmərəliliyi sahəsində dövlət siyasətinin icrasına nəzarət, həyata keçirilən tədbirlərin monitorinqi, qiymətləndirilməsi və hesabatlılığın təmin edilməsi məqsədi daşıyır.

Elektron platformanın fəaliyyətə başlaması enerji səmərəliliyi sahəsində dövlət vəzifələrinin daha effektiv yerinə yetirilməsinə, vətəndaşların müvafiq qurumlarla əməkdaşlıq imkanlarının genişlənməsinə, informasiyanın şəffaflığının artmasına və qanunvericiliyin icrasına nəzarətin güclənməsinə xidmət edəcək.

Sistem üzərindən enerji auditorlarının ixtisas attestatının alınması üçün müraciətlər qəbul ediləcək, auditorlar və enerji auditi təşkilatlarının reyestri aparılacaq, enerji istehsalı, təchizatı və istehlakçı subyektləri hesabatlarını yerləşdirəcəklər. Əhalinin istifadəsi üçün açıq hissədə enerji səmərəliliyinə dair maarifləndirici materiallar, enerjiyə qənaət kalkulyatoru, statistik məlumatlar və digər faydalı resurslar yerləşdiriləcək.

Prezident İlham Əliyev qanunun icrası ilə bağlı müvafiq Fərman imzalayıb.

https://az.trend.az/azerbaijan/politics/4141968.html