Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Azərbaycanda 760 meqavat gücündə iki günəş elektrik stansiyası (GES) layihəsini icra edir. Eyni zamanda, 240 meqavatlıq külək elektrik stansiyası layihəsi üzərində işlər davam etdirilir. Bu, şirkətin Azərbaycanda həyata keçirəcəyi ilk külək enerjisi stansiyası olacaq və hazırda maliyyələşmə mərhələsindədir.
Bu barədə “Masdar” şirkətinin Orta Asiya üzrə müdiri Məryəm əl-Məzrui AZƏRTAC-ın müxbirinə açıqlamasında məlumat verib.
O qeyd edib ki, banklarla intensiv danışıqlar aparılır və inşallah, cari il ərzində maliyyə məsələləri uğurla həll olunacaq.
Məryəm əl-Məzrui Azərbaycanın BƏƏ və “Masdar” üçün strateji əhəmiyyətli ölkə olduğunu vurğulayıb. Şirkətin Azərbaycanda ilk investisiya layihəsi olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin 2022-ci ildə qoyulduğunu xatırladıb.
“Azərbaycan günəş və külək enerjisi potensialı ilə zəngindir. Bakının “küləklər şəhəri” adlandırılması əbəs yerə deyil. Ölkənizdə təmiz enerji imkanları çox böyükdür. Azərbaycan yaşıl enerjisini Avropaya ixrac etmək niyyətindədir və Energetika Nazirliyi bu istiqamətdə region ölkələri ilə müzakirələr aparır. Eyni zamanda, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpa olunan enerjinin ixracı ilə bağlı danışıqlar gedir. Azərbaycanın həm daxili tələbatı, həm də ixrac üçün geniş imkanları var. Məsələn, Naxçıvan günəş enerjisi baxımından çox potensiallıdır, eyni zamanda külək enerjisi üçün əlverişli ərazilər də mövcuddur”, – deyə əl-Məzrui bildirib.
O əlavə edib ki, “Masdar” Azərbaycanla bərpa olunan enerji layihələrinin genişləndirilməsi istiqamətində aktiv müzakirələr aparır. Şirkət Azərbaycanda “around the clock” (gecə-gündüz fasiləsiz) bərpa olunan enerji istehsalı layihəsini tətbiq etməyi planlaşdırır. Hazırda bu model Əbu-Dabidə tikinti mərhələsindədir və uğurla işləyir.
https://renewables.az/az/news/m-ry-m-l-m-zrui-masdar-n-az-rbaycanda-ilk-k-l-k-layih-si-maliyy-l-m-m-rh-l-sind-dir