Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avstriya və Almaniya bazarlarına tədarükünə start verib.
Bu barədə SOCAR-dan "Report"a məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan qazı İtaliya üzərindən Avstriya və Almaniyaya da nəql olunmağa başlayıb. Bu, Azərbaycan qazının Avropadakı coğrafi əhatə dairəsini daha da genişləndirir və qaz alan ölkələrin sayını 16-ya çatdırır.
SOCAR Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan qaz strategiyasına uyğun olaraq, Avropa və Yaxın Şərq regionlarında qaz marketinqi fəaliyyətini davamlı şəkildə genişləndirir, müxtəlif ölkələrdən alıcılarla əməkdaşlıq portfelini artırır və Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirir.
Hazırda Avropa istiqamətində Azərbaycan qazı İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Slovakiya, Şimali Makedoniya və Ukraynaya tədarük olunur. Bundan əlavə, TANAP vasitəsilə Türkiyəyə, oradan isə Suriyaya, Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə isə Gürcüstana qaz nəql edilir.
Xatırladaq ki, 2025-ci ilin iyun ayında SOCAR ilə Almaniyanın dövlət enerji şirkəti SEFE (Securing Energy for Europe) arasında 10 illik qaz alqı-satqısı müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, SOCAR SEFE-yə qaz tədarük edəcək, illik həcm mərhələli şəkildə artırılaraq 15 teravatt/saatadək (təxminən 1,5 milyard kubmetr) çatdırılacaq. Saziş hasilat, infrastruktur və qaz kompressorları sahəsində investisiyaların cəlb olunmasını da nəzərdə tutur.
2024-cü ildə SOCAR Avstriyanın "Geoplin" şirkəti ilə Azərbaycan qazının tədarükü üzrə ilk müqaviləni bağlayıb.
2025-ci ilin yanvar-noyabr aylarında Almaniya Azərbaycandan 956,7 min ton xam neft (502 milyon ABŞ dolları dəyərində) idxal edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 21 %, həcm baxımından isə 4,5 % azdır.
Eyni dövrdə Avstriyaya ixrac edilən xam neft həcmi 177,5 min ton olub (87,9 milyon ABŞ dolları dəyərində) – bu, əvvəlki ilin 11 ayı ilə müqayisədə həcm baxımından 2,1 dəfə, dəyər baxımından isə 1,8 dəfə çoxdur.
Azərbaycan-Almaniya ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 1 milyard 298 milyon ABŞ dolları təşkil edib (9 % azalma), Azərbaycan-Avstriya ticarət dövriyyəsi isə 219,4 milyon ABŞ dollarına çatıb (1,7 dəfə artım).
Hazırda TAP-ın ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrdir. Kəmərin ümumi uzunluğu 878 km-dir: 550 km Yunanıstan, 215 km Albaniya, 105 km Adriatik dənizi dibi, 8 km İtaliya ərazisindən keçir. Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstana TAP vasitəsilə kommersiya tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
https://report.az/energetika/socar-azerbaycan-qazinin-avstriya-ve-almaniyaya-tedarukune-baslayib