İtaliyanın bərpa olunan enerji sahəsindəki nailiyyətləri və təcrübəsi Azərbaycanın enerji sektorunun diversifikasiyası strategiyasının reallaşdırılmasına əhəmiyyətli dəstək ola bilər.
Bu fikri Trend-ə özəl müsahibəsində İtaliya-Azərbaycan Hökumətlərarası Komissiyasının Bakıdakı 6-cı iclası çərçivəsində İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini Edmondo Çirielli səsləndirib.
“İtaliya yaşıl enerji sektorunun inkişafına böyük investisiyalar yatırır və bu gün bərpa olunan enerji mənbələri üzrə dünyanın aparıcı ölkələrindən biridir. İtaliyanın bu sahədəki təcrübəsi Azərbaycanın enerji şaxələndirməsi strategiyasının həyata keçirilməsinə, yeni investisiya imkanlarının açılmasına və yaşıl keçid prosesinin sürətləndirilməsinə mühüm töhfə verə bilər”, – deyə nazir müavini bildirib.
O qeyd edib ki, İtaliyanın “CESI SpA” şirkəti artıq Azərbaycanla sıx əməkdaşlıq edərək “Xəzər-Qara dəniz-Avropa” və digər yaşıl enerji dəhlizləri, habelə Transxəzər interkonnektoru layihələrinin texniki-iqtisadi əsaslandırmalarını hazırlayır. Bu layihələr Azərbaycan və Mərkəzi Asiya ölkələrinin bərpa olunan enerji potensialını Şərqi Avropa bazarları ilə birləşdirərək, qeyri-bərpa olunan yanacaqlara asılılığı azaltmağa xidmət edə bilər.
Eyni zamanda Çirielli vurğulayıb ki, İtaliya şirkətləri Azərbaycanda emal sənayesinin inkişafına, tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsinə və dövlət proqramlarının icrasına dəstək verə bilər.
Nazir müavini əlavə edib ki, tərəflər ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə yeni sazişlər və memorandumların imzalanması üzrə danışıqları sürətləndirməkdə maraqlıdırlar.
https://renewables.az/az/category/Azerbaycan/news