“AzərEnerji” ASC və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) enerji sektorunda rəqəmsallaşma, kibertəhlükəsizlik və data mərkəzlərinin inkişafı üzrə birgə fəaliyyət istiqamətlərini razılaşdırıblar.
“Report”a “AzərEnerji”dən verilən məlumata görə, görüş “AzərEnerji”nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Mərkəzində keçirilib.
Bu görüş Prezident İlham Əliyevin fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na dair keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrası çərçivəsində təşkil olunan ikinci görüşdür. Müzakirələrdə dövlət başçısının 10 dekabr 2025-ci il tarixli 841 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya”nın enerji sektorunda həyata keçirilməsi məsələləri əsas yer tutub.
“AzərEnerji” tərəfindən təqdimat zamanı Elektroenergetika Obyektləri üzrə Operativ Məlumat Sistemi (EOOMS), SCADA, WAMS/WACS sistemlərinin tətbiqi, real vaxt rejimində monitorinq və operativ idarəetmə imkanları haqqında ətraflı məlumat verilib. Həmçinin enerji obyektlərinin monitorinqi üçün xüsusi təchiz olunmuş nəqliyyat vasitələri və rəqəmsal nəzarət mexanizmləri nümayiş etdirilib.
İRİA nümayəndələri isə kibertəhlükəsizlik sistemləri, Kiber Təhlükəsizlik Mərkəzinin fəaliyyəti, təhlükəsizlik standartları və ixtisasartırma proqramları barədə məlumat verərək, “AzərEnerji” ilə birgə layihələr və təlim proqramları təklif ediblər.
Görüşdə enerji sektoru ilə bağlı data mərkəzlərinin enerji təchizatı, strateji obyektlərə yaxın ərazilərdə data infrastrukturunun qurulması, fiber-optik şəbəkənin inkişafı və “AzərEnerji”nin myGov.az platforması ilə inteqrasiyası məsələləri də müzakirə olunub. Qeyd edilib ki, inteqrasiya prosesi mərhələli şəkildə həyata keçiriləcək və platformadan istifadəçi sayının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.
Bu əməkdaşlıq enerji sektorunun rəqəmsal transformasiyasının sürətləndirilməsi, kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsi və Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyasının enerji sahəsində effektiv icrası baxımından mühüm əhəmiyyət kəsb edir.
https://report.az/energetika/azerenerji-ve-iria-data-merkezlerinin-inkisafi-uzre-birge-fealiyyeti-razilasdiriblar