XƏBƏRLƏR

“AzərEnerji” WUF13 tədbir məkanını “yaşıl enerji” ilə təchiz edəcək

FEVRAL 25, 2026

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “AzərEnerji” ASC ilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov imzalayıblar.

Sənədə əsasən, əməkdaşlığın əsas məqsədi mayın 17-22-də Bakıda keçiriləcək WUF13-ün tədbir məkanının tamamilə “yaşıl enerji” mənbələri hesabına təchiz edilməsidir. Bu təşəbbüs forumun karbon izini azaltmaq və emissiyaların minimuma endirilməsi üzrə qəbul edilmiş öhdəliklərin real icrasını təmin edəcək, eyni zamanda tədbirin enerji istehlakından yaranan ekoloji yükü əhəmiyyətli dərəcədə azaldacaq.

WUF13-də tətbiq olunacaq aşağı karbonlu enerji həlləri irimiqyaslı beynəlxalq tədbirlərin ekoloji cəhətdən dayanıqlı və məsuliyyətli şəkildə təşkilinin mümkünlüyünü bütün dünyaya nümayiş etdirəcək. Bu əməkdaşlıq həmçinin dayanıqlı tədbir idarəçiliyinin ölkənin milli enerji infrastrukturu ilə effektiv inteqrasiyasının praktik nümunəsi kimi dəyərləndirilir.

Ümumdünya Şəhərsalma Forumu dayanıqlı şəhərsalma, resurs səmərəliliyi və innovativ şəhər həlləri sahəsində qlobal miqyasda ən nüfuzlu platformalardan biri hesab olunur. WUF13 çərçivəsində “yaşıl enerji”nin prioritet tətbiqi tədbirin təşkilatçılarının ekoloji məsuliyyətə verdiyi yüksək önəmi bir daha təsdiqləyir.

Bu təşəbbüs Azərbaycanın “yaşıl enerji”yə keçid və dayanıqlı inkişaf strategiyasına sadiqliyini nümayiş etdirməklə yanaşı, ölkənin beynəlxalq səviyyədə ekoloji məsuliyyətli tədbirlərin təşkilində artan nüfuzunu və liderlik potensialını da ön plana çıxarır.

https://renewables.az/az/news/az-renerji-wuf13-m-dd-tind-t-dbir-m-kan-n-ya-l-enerji-il-t-min-ed-c-k