Azərbaycanın energetika naziri Pərviz Şahbazov İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Energetika Nazirliyindən verilən məlumata görə, tərəflər dövlət başçılarının səyləri sayəsində Azərbaycan-İran münasibətlərinin bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu məmnunluqla qeyd ediblər. Bu əlaqələrin dərin tarixi köklərə malik olduğu və qarşılıqlı hörmət əsasında inkişaf etdiyi vurğulanıb.
Görüşdə enerji sahəsinin ikitərəfli əməkdaşlıqdakı strateji əhəmiyyəti xüsusi diqqət mərkəzində olub. “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası”nın 17-ci iclasının Protokolunda enerji məsələlərinin geniş yer alması bu sahədə tərəfdaşlığa verilən yüksək qiymətin təsdiqi kimi dəyərləndirilib.
Müzakirələrin əsas mövzularından biri Araz çayı üzərindəki birgə su elektrik stansiyalarının – “Xudafərin”, “Qız Qalası” və “Ordubad” SES-lərinin tikintisi və istismarı, habelə bu stansiyalarda istehsal olunan elektrik enerjisinin ixracı olub. Tərəflər bu layihələrin icrasını sürətləndirmək məqsədilə birgə fəaliyyəti daha da intensivləşdirmək barədə razılığa gəliblər.
Görüş Azərbaycan və İran arasında su-enerji resurslarından səmərəli istifadə, regional enerji təhlükəsizliyinin gücləndirilməsi və qonşuluq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.
https://renewables.az/az/news/az-rbaycan-v-ran-xudaf-rin-q-z-qalas-ordubad-ses-l-rinin-icras-v-elektrik-enerjisinin-ixrac-il-ba-l-m-zakir-l-r-apar-b