Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının nazirlərin 4-cü iclası ilə eyni vaxtda “Yaşıl bağlantılar üzrə investisiya” mövzusunda Azərbaycan – Avropa İttifaqı dəyirmi masası təşkil olunub. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycan tərəfindən energetika nazirinin müavinləri Orxan Zeynalov və Elnur Soltanov, Avropa İttifaqı tərəfindən isə Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun (DG ENER) enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobillo Borrero və Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğun (DG NEAR) Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adriyen Kirali iştirak ediblər.
Dəyirmi masada enerji bağlantıları, ötürücü şəbəkələr, bərpa olunan enerji layihələri, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji səmərəliliyi və enerji saxlama sistemləri sahələrində əməkdaşlıq imkanları geniş müzakirə olunub. Xüsusilə Azərbaycanda bu istiqamətlərdə mövcud investisiya potensialı və Avropa İttifaqının maliyyə və texniki dəstək mexanizmləri ətraflı təhlil edilib.
Tədbir iştirakçıları Azərbaycan və Aİ biznes dairələri arasında yeni tərəfdaşlıq imkanlarını, birgə layihələrin maliyyələşdirilməsi və texnoloji transfer mexanizmlərini dəyərləndiriblər.
Dəyirmi masada Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO Power Company), “Yaşıl Dəhliz Birliyi” (Green Corridor Alliance), “SOCAR Green”, “Azərenerji” ASC, “Siemens Energy”, “Total Energies”, “Nobel Energy”, “Azerbaijan Green Energy Company”, “Acwa Power”, “Masdar”, ENERCON, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB), BMT-nin İnkişaf Proqramı (BMK) və Alman-Azərbaycan Ticarət Palatasının nümayəndələri iştirak ediblər.
Bu təşəbbüs Azərbaycanın “yaşıl enerji” ixracı və regional enerji bağlantıları strategiyasının Avropa İttifaqı ilə daha sıx inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir.
https://renewables.az/az/news/ya-l-ba-lant-zr-investisiya-m-vzusunda-az-rbaycan-avropa-ttifaq-d-yirmi-masas-ke-irilib