Energetika Nazirliyində “Ümumdünya Enerji Səmərəliliyi Günü” ilə əlaqədar nazir müavini Elnur Soltanovun sədrliyi ilə enerji idarəçiləri üçün xüsusi məlumatlandırıcı tədbir təşkil olunub.
Nazirlikdən verilən məlumata görə, görüşdə enerji istehlakı yüksək olan müəssisələr və qeyri-yaşayış binalarında enerji resurslarından səmərəli istifadənin təmin edilməsi, enerji itkilərinin minimuma endirilməsi və qənaət tədbirlərinin sistemli şəkildə həyata keçirilməsi məqsədilə təyin olunan enerji idarəçilərinin vəzifə, məsuliyyət və hesabatlılıq mexanizmləri ətraflı izah edilib.
Tədbir çərçivəsində iki əsas mövzu üzrə təqdimatlar dinlənilib. Birinci təqdimatda Enerji Effektivliyi üzrə İnformasiya Sistemi barədə məlumat verilib, enerji idarəçilərinə sistemə daxil olma qaydaları, məlumatların düzgün və vaxtında daxil edilməsi prosedurları izah olunub. Qeyd edilib ki, yaxın gələcəkdə enerji istehlakı ilə bağlı bütün hesabatlar məhz bu sistem vasitəsilə təqdim ediləcək.
İkinci təqdimat Enerji Effektivliyi Fondunun vəsaiti hesabına maliyyələşdirilən layihələrə dair tələblərə həsr olunub. Burada enerji idarəçilərinə Fondun maliyyə dəstəyi mexanizmləri, layihələrin maliyyələşdirilməsi üçün müraciət qaydaları və tələb olunan sənədlər barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb, enerji idarəçilərinin fəaliyyətinin daha effektiv təşkili və qarşılaşdıqları çətinliklərin həlli yolları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, qüvvədə olan qanunvericiliyə əsasən, illik enerji istehlakı 1000 ton neft ekvivalentindən (t.n.e.) çox olan təsərrüfat subyektlərində və 250 t.n.e.-dən çox olan qeyri-yaşayış binalarında enerji idarəçiləri təyin edilir. Bu günədək 50-dən artıq obyekt üzrə attestasiya keçirilib və bir çoxunda enerji idarəçiləri artıq fəaliyyətə başlayıb.
Enerji idarəçilərinin fəaliyyəti müəssisələrə bir sıra üstünlüklər qazandırır: enerji istehlakı sistemli şəkildə izlənilir, itkilər vaxtında aşkarlanır və aradan qaldırılır, qənaət tədbirləri planlı formada tətbiq edilir. Nəticədə enerji xərcləri azalır, istehsal prosesləri optimallaşır və ətraf mühitə mənfi təsir minimuma endirilir.
https://renewables.az/az/news/mumd-nya-enerji-s-m-r-liliyi-g-n-il-laq-dar-enerji-idar-il-ri-n-m-lumatland-r-c-g-r-ke-irilib