XƏBƏRLƏR

SOCAR “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində iştirak imkanlarını Kot-d’İvuar rəsmiləri ilə müzakirə edib

MART 10, 2026

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Kot-d’İvuarın paytaxtı Abican şəhərində işgüzar səfərdə olub.

Trend-in SOCAR-a istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Azərbaycanın Xarici İşlər Nazirliyi və SOCAR nümayəndələrindən ibarət heyət Kot-d’İvuarın Xarici İşlər Nazirliyinin və enerji sektorunun yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirib. Azərbaycan tərəfindən görüşlərdə Xarici İşlər Nazirliyinin nazir müavini Yalçın Rəfiyev və müşayiət edən əməkdaşlar iştirak ediblər.

Kot-d’İvuarın Mədənlər, Neft və Energetika Nazirliyi, həmin Nazirliyin Karbohidrogenlər üzrə Baş Direktorluğu və milli neft şirkəti “PetroCI”nin rəhbərliyi ilə keçirilən müzakirələrdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişaf perspektivləri, neft və qaz sektorunda potensial birgə layihələr, investisiya imkanları və enerji təhlükəsizliyi məsələləri ətraflı müzakirə olunub.

Xüsusi diqqət Kot-d’İvuarın “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində SOCAR-ın 10% pay əldə etməsi məsələsinə yönəlib. Görüşlərdə layihənin inkişaf mərhələləri, hasilat potensialı, logistika infrastrukturu və kommersiya aspektləri barədə geniş fikir mübadiləsi aparılıb.

Layihənin SOCAR-ın Afrikadakı fəaliyyət coğrafiyasını genişləndirməsi və şirkətin beynəlxalq enerji bazarlarında mövqelərini daha da möhkəmləndirməsi baxımından strateji əhəmiyyət daşıdığı qeyd olunub.

Bu səfər və müzakirələr Azərbaycanın Afrika qitəsində enerji sektorunda aktivləşməsi və yeni perspektivli layihələrə qoşulması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.

https://az.trend.az/business/energy/4161631.html