XƏBƏRLƏR

BOEMDA və Xorvatiyanın ENNA Group şirkəti bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

MART 11, 2026

Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) və Xorvatiyanın “ENNA Group” şirkəti ölkədə bərpa olunan enerji potensialının qiymətləndirilməsi və iqtisadi cəhətdən səmərəli investisiyalar üçün zəmin yaradılması məqsədilə əməkdaşlığa başlayıb.

Renewables.az-ın “ENNA Group”un rəsmi məlumatına istinadən verdiyi xəbərə görə, imzalanan Anlaşma Memorandumu (MoU) əsasən günəş və külək elektrik stansiyalarının inkişafına yönələcək.

Sənəd Azərbaycanda bərpa olunan enerji layihələrinin potensialının araşdırılması və gələcək investisiyalar üçün hüquqi-texniki çərçivə yaradır. Bu memorandumla “ENNA Group” Azərbaycanla əməkdaşlıq sazişi imzalayan ilk Xorvatiya şirkəti və eyni zamanda ilk Avropa şirkətlərindən biri statusunu qazanıb. Müvafiq qiymətləndirmələr və təsdiqlərdən sonra əməkdaşlıq real investisiya layihələrinə çevrilə bilər.

Memorandum ilkin mərhələdə 12 aylıq əməkdaşlıq dövrünü əhatə edir. Bu müddət ərzində tərəflər birgə qiymətləndirmələr aparacaq, ekspert təcrübələrini mübadilə edəcək və bərpa olunan enerji sektoruna investisiyaların cəlb olunması üçün zəruri şərtləri hazırlayacaqlar.

Sənədə əsasən BOEMDA və “ENNA Group” nümayəndələrindən ibarət birgə idarəetmə komitəsi yaradılacaq. Komitə memorandum çərçivəsində həyata keçirilən bütün fəaliyyətləri koordinasiya edəcək və qərarları qarşılıqlı razılıq əsasında qəbul edəcək.

Qeyd edək ki, “ENNA Group” 2025-ci ilin sonunda Xorvatiyadan kənarda ilk günəş elektrik stansiyasının tikintisinə başlayıb.

Xatırladaq ki, müvafiq Anlaşma Memorandumu Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının Nazirlərin 4-cü iclası çərçivəsində imzalanıb.

Bu əməkdaşlıq Azərbaycanın bərpa olunan enerji sektorunda Avropa şirkətləri ilə əlaqələrin genişlənməsi və yeni investisiya axınının cəlb edilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

https://renewables.az/az/news/xorvatiya-irk-ti-az-rbaycanla-b-rpa-olunan-enerji-sah-sind-imzalanan-m-qavil-nin-detallar-n-a-qlay-b