Qazaxıstan parlamenti bu gün keçirilən plenar iclasda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Yaşıl enerji”nin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişi ratifikasiya edib.
“Report”un Qazaxıstan bürosunun məlumatına görə, sənəd Mərkəzi Asiya ölkələrini Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirəcək “Yaşıl enerji dəhlizi”nin yaradılmasını nəzərdə tutur.
Saziş 2024-cü il noyabrın 13-də Bakıda keçirilən COP29 çərçivəsində üç ölkənin dövlət başçıları tərəfindən imzalanıb. Sənəd bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadəni, ekoloji cəhətdən təmiz elektrik enerjisinin ticarətini, habelə “yaşıl enerji”, ammonyak və hidrogenin Avropa bazarlarına ixracını hədəfləyir.
Qazaxıstan Energetika Nazirliyinin məlumatına əsasən, layihənin əsas elementi Xəzər dənizinin dibi ilə yüksək gərginlikli sabit cərəyan kabelinin çəkilməsidir. Bu kabel vasitəsilə Qazaxıstan və Özbəkistanda istehsal olunan təmiz elektrik enerjisi Azərbaycana, oradan isə Qara dəniz enerji layihəsi vasitəsilə Avropaya ötürüləcək.
Layihənin texniki-iqtisadi əsaslandırmasını İtaliyanın “CESI” beynəlxalq konsaltinq şirkəti hazırlayır. TİƏ-nin hazırlanmasının dəyəri təxminən 1 milyon avro təşkil edir və beynəlxalq maliyyə institutlarının qrant vəsaitləri hesabına maliyyələşdirilir.
2025-ci il iyulun 1-də Qazaxıstan, Azərbaycan və Özbəkistanın sistem operatorları layihənin icrasını əlaqələndirən və ekspertlərin müntəzəm işgüzar görüşlərini təşkil edən “Green Corridor Alliance” birgə müəssisəsini yaradıblar. Birgə müəssisədə hər ölkənin payı 33,3 % təşkil edir.
Energetika Nazirliyində hesab edirlər ki, layihənin reallaşması Qazaxıstanın ixrac enerji potensialını artırmağa, ölkənin dayanıqlı enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməyə və onu Avrasiyanın əsas enerji qovşaqlarından birinə çevirməyə imkan yaradacaq.
https://report.az/energetika/qazaxistan-azerbaycan-ve-ozbekistanla-yasil-dehliz-uzre-sazisi-ratifikasiya-edib