XƏBƏRLƏR

Azərbaycan və Belçika bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

MART 17, 2026

Energetika naziri Pərviz Şahbazov Belçikanın keçmiş Baş naziri Yves Letermenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Energetika Nazirliyindən verilən məlumata görə, Belçikanın quruda külək enerjisi layihələrinin inkişafı üzrə ixtisaslaşmış “W-Kracht” şirkətinin də təmsil olunduğu görüşdə Azərbaycanda bərpa olunan enerji layihələrinin icrası və ixracı istiqamətində əməkdaşlıq imkanları ətraflı müzakirə olunub.

Görüşdə Azərbaycanın regionda sabitlik və konstruktiv əməkdaşlıq üçün oynadığı mühüm rol vurğulanıb. Ölkənin enerji siyasəti, xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı və enerji dəhlizlərinin formalaşdırılması beynəlxalq tərəfdaşların diqqət mərkəzindədir. Hazırda Azərbaycanda külək və günəş enerjisi ilə işləyən 11 elektrik stansiyası layihəsinin icra olunduğu, yeni generasiya güclərinin elektrik şəbəkəsinə qoşulma imkanlarının qiymətləndirilməsi məqsədilə şəbəkə üzrə xüsusi araşdırmaların aparıldığı diqqətə çatdırılıb.

Həmçinin enerji istehsalına artan tələbatı ödəmək üçün data mərkəzlərinin yaradılması planları və elektrik enerjisinin Avropaya ixracı üçün nəzərdə tutulan infrastruktur layihələri barədə məlumat verilib. Bildirilib ki, 2032-ci ildən etibarən Şərqi Avropa ilə elektrik bağlantısının yaradılması planlaşdırılır. Bu kontekstdə Azərbaycan enerji istehsalı layihələrində iştirak edən və sonradan həmin enerjini Şərqi Avropa bazarlarında ticarətə çıxaran Avropa şirkətləri ilə əməkdaşlıqda maraqlıdır.

Söhbət zamanı bərpa olunan enerji sahəsində əməkdaşlığın perspektivləri üzrə dialoqun davam etdirilməsi barədə razılıq əldə olunub.

Bu görüş Azərbaycanın Avropa ilə “yaşıl enerji” əməkdaşlığını genişləndirmək və regionda enerji keçidində lider mövqe tutmaq strategiyasının növbəti mühüm mərhələsi kimi qiymətləndirilir.

https://renewables.az/az/news/az-rbaycan-v-bel-ika-aras-nda-b-rpa-olunan-enerji-zr-m-kda-l-q-imkanlar-m-zakir-olunub