Energetika Nazirliyində Azərbaycan və Serbiya arasında energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun hibrid formatda ilk iclası baş tutub.
Nazir müavini Orxan Zeynalov və Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Dövlət katibi Sonya Vlahoviçin həmsədrlik etdiyi iclasda Azərbaycan tərəfindən SOCAR, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azəristiliktəchizat” ASC, Serbiya tərəfindən isə Mədənçilik və Energetika Nazirliyi və “Srbijagas” şirkətinin nümayəndələri iştirak ediblər.
Nazir müavini Orxan Zeynalov çıxışında iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə energetika sahəsində sürətlə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirib. 15 fevral 2026-cı il tarixində Belqradda Azərbaycan və Serbiya Prezidentlərinin həmsədrliyi ilə keçirilmiş Strateji Tərəfdaşlıq Şurasının iclasının bu əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Dövlət katibi Sonya Vlahoviç isə imzalanmış memorandum və sazişlərin sayəsində iki ölkə arasındakı əməkdaşlığın strateji səviyyəyə yüksəldiyini qeyd edib.
İclas çərçivəsində neft və qaz sektoru, energetika infrastrukturu, elektrik enerjisi istehsalı və enerji səmərəliliyi kimi istiqamətlərdə ətraflı müzakirələr aparılıb. Azərbaycanın Serbiyaya qaz tədarükünün həm Serbiyanın, həm də Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində əhəmiyyətli rol oynadığı xüsusi qeyd olunub.
Həmçinin Serbiyanın Niş şəhərində qazla işləyən elektrik stansiyasının tikintisi üzrə birgə layihə, istilik təchizatı, yaşıl enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
İclas Azərbaycan və Serbiya arasında energetika sahəsində əməkdaşlığın praktiki mərhələyə keçid etməsi və yeni layihələrin reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
https://renewables.az/az/news/az-rbaycan-v-serbiya-aras-nda-energetika-sah-sind-m-kda-l-q-zr-birg-i-qrupun-ilk-iclas-ke-irilib