XƏBƏRLƏR

Azərbaycan və Çin bərpa olunan enerji layihələri üzrə əməkdaşlığı genişləndirmək barədə müzakirələr aparıb

MART 20, 2026

Energetika naziri Pərviz Şahbazov “PowerChina Resources Ltd” şirkətinin icraçı vitse-prezidenti He Shiyou ilə görüş keçirib.

Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə 160 MVt gücündə günəş elektrik stansiyası, 2 QVt gücündə dənizdə külək enerjisi layihələrinin icrası, habelə yeni investisiya imkanları ətraflı müzakirə olunub.

Günəş enerjisi layihəsi üzrə əldə edilmiş irəliləyişlər qeyd edilib və bu stansiyanın Azərbaycanın bərpa olunan enerji inkişafının ikinci mərhələsində elektrik şəbəkəsinə inteqrasiyasının nəzərdə tutulduğu vurğulanıb. Bu məqsədlə Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) tərəfindən aparılan şəbəkə tədqiqatlarının nəticələrinin mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Görüşdə Çin şirkətinin Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlığa strateji əhəmiyyət verdiyi və yeni investisiya imkanlarının qiymətləndirilməsində maraqlı olduğu bildirilib.

Müzakirələr zamanı Çində ağıllı şəbəkələrin inkişafı, “yeni enerji sistemi”nin qurulması, rəqəmsal transformasiyanın sürətləndirilməsi, data mərkəzlərinin və süni intellektin enerji təchizatında bərpa olunan enerjinin payının artırılmasına dair yeni siyasətlər, habelə qlobal enerji və sənaye dəyər zəncirlərinin qarşılaşdığı çağırışlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bu görüş Azərbaycanın bərpa olunan enerji sektorunda Çin investisiyalarının cəlb edilməsi və regionda “yaşıl enerji” keçidinin sürətləndirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.

https://renewables.az/az/news/az-rbaycan-v-in-b-rpa-olunan-enerji-layih-l-rinin-inki-af-n-m-zakir-edib