XƏBƏRLƏR

Türkmənistan səfiri: Azərbaycan və Türkmənistan arasında “yaşıl enerji” əməkdaşlığı regional enerji təhlükəsizliyini gücləndirə bilər

MART 20, 2026

Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov “Report”a müsahibəsində iki ölkənin “yaşıl enerji” sahəsindəki potensial əməkdaşlığının regional enerji təhlükəsizliyinə mühüm töhfə verə biləcəyini bildirib.

Səfir qeyd edib ki, Türkmənistan və Azərbaycan zəngin təbii neft və qaz ehtiyatlarına malik olsalar da, bərpa olunan enerji mənbələrinin inkişafına böyük maraq göstərirlər.

Əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi Xəzər dənizi vasitəsilə “yaşıl enerji dəhlizləri”nin formalaşmasında Türkmənistanın iştirakı müzakirə olunur. Belə layihələr bərpa olunan mənbələrdən istehsal edilən elektrik enerjisinin Cənubi Qafqaz vasitəsilə Avropa ölkələrinə nəqlini təmin etmək üçün infrastrukturun yaradılmasını nəzərdə tutur. Azərbaycan bu kontekstdə “yaşıl enerji”nin beynəlxalq bazarlara ötürülməsində mühüm tranzit mərkəzi kimi qiymətləndirilir.

Səfirin sözlərinə görə, günəş və külək enerjisi sahəsində birgə layihələr əməkdaşlığın perspektivli istiqamətidir. Türkmənistan günəş elektrik stansiyalarının inkişafı üçün əhəmiyyətli təbii resurslara malikdir, Azərbaycan isə külək potensialının, xüsusilə Xəzər dənizi akvatoriyasında istifadəsi üzrə fəal layihələr həyata keçirir. Bu imkanların birləşdirilməsi yeni regional enerji təşəbbüslərinin yaranmasına yol aça bilər.

Əməkdaşlığın digər mühüm istiqamətləri kimi “yaşıl elektrik enerjisi”nin ötürülməsi və ixracı üçün birgə infrastrukturun inkişafı, Xəzər dənizi vasitəsilə sualtı kabel xətlərinin çəkilməsi, enerji sistemlərinin inteqrasiyası və Avropa istiqamətində elektrik enerjisinin ixracı üzrə regional layihələr göstərilir.

Bundan əlavə, “yaşıl hidrogen”in istehsalı və nəqli, enerji səmərəliliyi texnologiyalarının tətbiqi, bərpa olunan enerji mənbələrinin inkişafı üzrə təcrübə və investisiya mübadiləsi də perspektivli sahələr sırasındadır. Birgə tədqiqatlar, texnoloji əməkdaşlıq və beynəlxalq enerji təşəbbüslərində iştirak iki ölkə arasındakı uzunmüddətli tərəfdaşlığın əsas elementlərinə çevrilə bilər.

Səfir vurğulayıb ki, Azərbaycan və Türkmənistan arasında “yaşıl enerji” əməkdaşlığının inkişafı, xüsusilə Xəzər vasitəsilə “yaşıl ixrac dəhlizləri”ndə iştirak, enerji bazarlarının şaxələndirilməsinə, regional enerji təhlükəsizliyinin gücləndirilməsinə və dayanıqlı inkişafın təşviqinə əhəmiyyətli töhfə verə bilər.

https://renewables.az/az/news/az-rbaycan-v-t-rkm-nistan-aras-nda-ya-l-enerji-m-kda-l-regional-enerji-t-hl-k-sizliyin-t-hf-ver-bil-r