Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Kapital Bank ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və Kapital Bank ASC-nin İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə imzalayıblar.
Tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi, o cümlədən güzəştli kreditin şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinqinin aparılması qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər.
Samir Axundov Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə müvəkkil kredit təşkilatı vasitəsilə güzəştli kreditlərin verilməsinin nəzərdə tutulduğunu və bu məqsədilə ölkənin aparıcı bankları ilə əməkdaşlıq müqavilələrinin imzalandığını bildirib. “Kapital Bank”la 2018-ci ildən başlayaraq əməkdaşlığın olduğunu diqqətə çatdıran Samir Axundov Fondun fəaliyyəti çərçivəsində yeni istiqamətdə əməkdaşlığın da uğurlu olacağından əminlik ifadə edib.
Fərid Hidayətzadə, öz növbəsində, qarşılıqlı əlaqələrin inkişafından, o cümlədən enerji effektivliyi üzrə layihələrin həyata keçirilməsində gələcək əməkdaşlıqdan məmnunluğunu bildirib. O, Fondun vəsaiti hesabına veriləcək güzəştli kreditlərin enerji səmərəliliyi layihələrinin həyata keçirilməsi üçün yeni imkanlar yaradacağını və bu istiqamətdə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını deyib. Fərid Hidayətzadə imzalanan müqavilənin əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyini qeyd edib.
Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.