XƏBƏRLƏR

ADB Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə yeni layihələrin həyata keçirilməsinə dəstək verməyə hazırdır

APREL 10, 2026

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində layihələrin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduğunu bildirir.

Bu barədə ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal “Report”un sualını cavablandırarkən, “Asiyanın İnkişaf Perspektivləri” (ADO) hesabatının aprel buraxılışına həsr olunmuş brifinqdə danışıb.

O vurğulayıb ki, Avropa karbohidrogenlərdən asılılığını azaltmaqda ciddi maraq göstərir:

“Bu səbəbdən bərpa olunan enerji mənbələrinə üstünlük verilir. Azərbaycan da günəş enerjisinin inkişafına əhəmiyyətli sərmayələr yatırır. Biz artıq özəl sektor çərçivəsində Energetika Nazirliyi ilə əməkdaşlıq edərək üç iri layihəyə investisiya qoymuşuq. Gələcəkdə enerji təhlükəsizliyi baxımından külək enerjisi sahəsində iştirak imkanlarını da qiymətləndiririk – bu istiqamətdə böyük potensial mövcuddur. Hesab edirəm ki, perspektivlər kifayət qədər ümidvericidir. Yəni ölkədə həm ənənəvi yanacaq resursları, həm də zəngin bərpa olunan enerji imkanları mövcuddur. Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycan əlverişli mövqeyə sahibdir. Bununla belə, bu sahə əlavə investisiyalar tələb edir və biz də hökumətə bu istiqamətdə dəstək göstərməyə hazırıq.”

https://report.az/energetika/adb-azerbaycanda-yeni-boem-layihelerini-desteklemeye-hazirdir