XƏBƏRLƏR

Cəbrayılda "Şəfəq" GES layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb

APREL 22, 2026

Cəbrayıl rayonunda həyata keçirilən "Şəfəq" Günəş Elektrik Stansiyası (GES) layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb. Layihənin investorları – BP, "SOCAR Green", Azərbaycan Biznesinin İnkişafı Fondu və MVM – tikinti işlərinə başlayıb.

Renewables bp-yə istinadən bildirilir ki, ilk panelin bu ayın əvvəlində yerində quraşdırılması ilə tikinti işləri cədvələ uyğun davam edir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə maliyyə vitse-prezidenti Nadir İmanov qeyd edib ki, tərəfdaşlarla birgə əsas diqqət layihənin təhlükəsiz və səmərəli icrasına yönəldilib və tikinti işləri inamla aparılır: "Əminik ki, bu əhəmiyyətli layihə Azərbaycanın enerji keçidi səylərinə töhfə verəcək, bərpa olunan elektrik enerjisi istehsalını dəstəkləyəcək və regiondakı əməliyyatlarımızın karbonsuzlaşdırılmasına xidmət edəcək".

Məlumata görə, "Şəfəq" günəş layihəsi üzrə tikinti işləri ötən il son investisiya qərarının qəbulundan sonra xeyli irəliləyib. Fotovoltaik modullar, dirəklər və struktur hissələri də daxil olmaqla əsas avadanlıqların tədarükü və çatdırılması uğurla yekunlaşıb. Dirəklərin və izləmə sistemlərinin quraşdırılmasında da mühüm addımlar atılıb – bu avadanlıqların təxminən 30%-i artıq yerindədir.

Layihədə yerli ehtiyatlardan maksimum yararlanmaq əsas prioritetlərdəndir – işlərin ən aktiv mərhələsində 400-ə yaxın çalışanın iştirakı gözlənilir. Hal-hazırda layihədə təxminən 350 nəfər yerli işçi cəlb olunub, onlardan 123-ü işğaldan azad edilmiş ərazilərdə yaşayan sakinlərdir.

Tikinti işlərinin 2027-ci ildə tamamlanması planlaşdırılır. Cəbrayılda inşa edilən stansiyanın ildə təxminən 500 QVt-saat bərpa olunan enerji istehsal edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, 2025-ci ilin iyun ayında təsdiqlənmiş dəyəri 200 milyon ABŞ dolları olan "Şəfəq" günəş layihəsi 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutur.

"Shafag Jabrayil Solar Limited"də (SJSL) pay bölgüsü belədir: BP – 40,01%, SOCAR Green – 39,99%, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) – 10%, MVM – 10%.

Bu layihə Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə "virtual enerji ötürmə mexanizmi" adlanan yeni kommersiya modeli vasitəsilə sıx bağlıdır. Həmin mexanizmə əsasən, Səngəçal terminalı "AzərEnerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminalın daxilində və xaricində yeni obyektlər, o cümlədən 220/110 kV-luq yeni yarımstansiya tikiləcək.

 

 

https://renewables.az/az/news/c-bray-lda-f-q-ges-layih-si-r-iv-sind-ilk-g-n-paneli-qura-d-r-l-b