XƏBƏRLƏR

İrlandiya biznes dairələri Azərbaycanın yaşıl enerji layihələrinə sərmayə qoymağa çağırılıb

APREL 22, 2026

Energetika naziri Pərviz Şahbazov ilə İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Toni MakKormakın rəhbərlik etdiyi heyət arasında görüş baş tutub.

Nazirlikdən verilən məlumata əsasən, görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin gələcək inkişaf perspektivləri, xüsusilə energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə edilib.

Parlamentlərarası dialoqun mövcud münasibətləri gücləndirmək və yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək baxımından əhəmiyyəti vurğulanıb. Enerji bazarında mövcud qlobal çətinliklər fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə sabit və etibarlı təchizatçı qismində verdiyi töhfələrə diqqət çəkilib.

Nazir ölkəmizin xam neft və təbii qaz ixracı, həmçinin enerji sisteminin diversifikasiyası məqsədilə bərpa olunan enerji mənbələrinin təşviqi və regionlararası yaşıl enerji dəhlizlərinin yaradılması sahəsində reallaşdırdığı layihələr barədə məlumat verib. İrlandiyalı qonaqlar isə öz növbələrində ölkələrinin enerji keçidi strategiyası, bərpaolunan enerji mənbələrinin inkişafı və enerji infrastrukturunun modernləşdirilməsi istiqamətində atılan addımları bölüşərək, Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildiriblər.

Görüşdə keçən il Azərbaycandan İrlandiyaya 532 min ton xam neft göndərildiyi qeyd edilib. Tərəflər mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində əməkdaşlıq ehtimallarını nəzərdən keçirib, həmçinin İrlandiya şirkətlərinə Azərbaycanda bərpa olunan enerji layihələrinə – xüsusilə istehsal və ötürmə sahələrinə – investisiya yatırmaq təklifi olunub.

Söhbət zamanı İrlandiya tərəfinin "Bakı Enerji Həftəsi" çərçivəsində planlaşdırılan tədbirlərdə iştirakı məsələsinə də toxunulub.

 

https://renewables.az/az/news/rlandiya-irk-tl-ri-az-rbaycanda-b-rpa-olunan-enerji-layih-l-rin-investisiya-yat-rma-a-d-v-t-olunub