Çinin Azərbaycandakı səfiri Lu Mei "Report"a verdiyi müsahibədə bildirib ki, bərpa olunan enerji sahəsində əməkdaşlıq Çin və Azərbaycan arasında praktiki tərəfdaşlığın vacib bir qoludur.
Səfirin sözlərinə görə, iki ölkənin yaşıl inkişaf konsepsiyaları böyük ölçüdə üst-üstə düşür. Məhz Çinin texnologiya və avadanlıqları Azərbaycana yaşıl inkişafa nail olmaq üçün imkanlar açır. Bərpa olunan enerji sahəsində əməkdaşlıq artıq bəhrəsini verib. Çin kapitalına əsaslanan müəssisələr bu sahədə iri layihələrin – günəş və külək enerjisi kimi – həyata keçirilməsinə qoşulub və bir sıra mühüm nəticələr əldə edilib.
Lu Mei qeyd edib ki, 2023-cü ilin oktyabrında Çin şirkəti tərəfindən Qobustanda inşa edilmiş 230 meqavatlıq günəş elektrik stansiyası Azərbaycanın enerji sisteminə uğurla qoşularaq elektrik istehsalına başlayıb. Bu, Çinin Azərbaycanda iştirak etdiyi ilk irimiqyaslı bərpa olunan enerji layihəsi olub. 2026-cı ilin yanvarında isə səfir Xızı-Abşeron külək enerjisi layihəsinin istifadəyə verilməsi mərasimində iştirak edib. Həmin layihə Cənubi Qafqaz regionunda ən böyük külək enerjisi layihəsidir. Bu stansiyanın 300 mindən çox ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcəyi, 400 min ton karbon qazı emissiyasının azaldacağı, həmçinin Azərbaycanın və Cənubi Qafqazın davamlı inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
Çin səfiri vurğulayıb ki, Çin bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə hazırdır ki, bu da hər iki ölkənin enerji transformasiyasına, dayanıqlı sosial-iqtisadi inkişafına, eləcə də qlobal təmiz enerji sahəsində əməkdaşlığın irəliləməsinə xidmət edəcək.
https://renewables.az/az/news/in-v-az-rbaycan-aras-nda-boem-sah-sind-m-kda-l-q-praqmatik-t-r-fda-l-n-m-h-m-istiqam-tidir