Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Fəqan Abdurəhmanov İspaniyanın paytaxtı Madriddə təşkil olunan "WindEurope Annual Event 2026" tədbirinə qatılıb.
Agentlikdən verilən məlumata əsasən, tədbir zamanı külək energetikası sahəsində qlobal inkişaf meylləri və strateji istiqamətlər müzakirəyə çıxarılıb.
Açılış mərasimində Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı, İspaniyanın baş naziri, müxtəlif Avropa ölkələrinin energetika nazirləri, külək enerjisi üzrə öndə gedən şirkətlərin, turbin istehsalçılarının və digər beynəlxalq tərəfdaşların nümayəndələri iştirak ediblər.
F. Abdurəhmanov tədbir çərçivəsində müxtəlif mövzularda keçirilən sessiyalarda iştirak edib. Sözügedən sessiyalarda süni intellektin külək enerjisi əməliyyatlarında tətbiqi, məlumat mərkəzləri və elektrikləşmə məsələləri, bərpa olunan enerji ilə data mərkəzlərinin inteqrasiyası, külək energetikası ilə müdafiə sektoru arasındakı əlaqələr, habelə investisiya risklərinin azaldılması kimi mövzulara toxunulub. Bundan əlavə, dənizdə külək enerjisi ilə bağlı nazirlər səviyyəsində sessiyada və təchizat zəncirinin genişləndirilməsinə dair müzakirələrdə də iştirak edilib.
Səfər zamanı "WindEurope" (Avropa Külək Enerjisi Assosiasiyası) ilə görüş baş tutub. Görüşdə BOEMDA ilə WindEurope arasında imzalanmış Anlaşma Memorandumunun icrası ilə bağlı məsələlər və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
İspaniyanın "Eolos" şirkəti ilə görüşdə isə Xəzər dənizində üzən LiDAR qurğuları ilə külək ölçmələrinin aparılmasına dair yaxın vaxtlarda start veriləcək ölçmə kampaniyasına nəzər yetirilib.
Dünya Bankının nümayəndələri ilə keçirilən görüş çərçivəsində Azərbaycanda külək turbinlərinin bəzi komponentlərinin yerli istehsalı, həmçinin dənizdə neft-qaz sektorunda mövcud bilik və təcrübənin dənizdə külək enerjisi sahəsinə ötürülməsi ilə bağlı texniki yardım layihəsi üzrə məsələlər müzakirəyə çıxarılıb.
İspaniyanın "Elecnor" şirkəti ilə görüşdə isə şirkətin Azərbaycanda reallaşdırmayı planlaşdırdığı 70 MVt gücündə külək enerjisi layihəsi üzrə müqavilələrin razılaşdırılması və ölçmələrə başlanılması prosesinin hazırkı vəziyyəti müzakirə olunub.
https://renewables.az/az/news/az-rbaycan-spaniyada-windeurope-annual-event-2026-t-dbirind-t-msil-olunub