Müxtəlif regionların enerji sistemlərinin ümumi şəbəkəyə inteqrasiyası dövlətlərə bərpa olunan enerji mənbələrindən istifadəni əhəmiyyətli dərəcədə genişləndirmək imkanı verəcək. “Report” xəbər verir ki, bu fikirləri “Masdar” şirkətinin biznes və layihələrin inkişafı üzrə direktoru Abdulla Zayed 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı səsləndirib.
“Öz enerji sistemlərini birləşdirməyə can atan bütün dövlətlər arasında siyasi konsensusun olması vacibdir. Hesab edirəm ki, energetika nazirinin müavininin də qeyd etdiyi kimi, hazırda belə bir razılıq mövcuddur. Biz hökumətlər və dövlətlər tərəfindən qarşılıqlı bağlantılar, onların əhəmiyyəti, enerji təhlükəsizliyi və əlaqəli məsələlər ətrafında aparılan danışıqlarda əhəmiyyətli fəallıq müşahidə edirik. Bu, tənzimləyici qurumlardan tutmuş developerlərə və bu cür təşəbbüsləri dəstəkləməyə hazır olan maliyyə institutlarına qədər bütün maraqlı tərəflərin iştirakını təmin etmək üçün ‘yuxarıdan aşağıya’ prosesinə başlamağa imkan verən əsas amillərdən biridir”, – deyə A. Zayed bildirib.
“Masdar” nümayəndəsinin sözlərinə görə, ikinci prinsipial vacib element kommersiya strukturudur: “Bank sektoru üçün cəlbedici olan və bu vahid şəbəkənin fəaliyyətini təmin edən davamlı normativ-hüquqi baza formalaşdırmaq lazımdır. Qarşılıqlı bağlantı elektrik istehsalını, birbaşa infrastrukturu, yarımstansiyaları, transformator avadanlığını və bütün əlaqədar elementləri əhatə edir. Maliyyə cəhətdən davamlı strukturun yaradılması bütün iştirakçı ölkələrdə əqdlərin və həyata keçirilən layihələrin həcminin artmasını təmin edəcək. Bu, developerlərə və investorlara maliyyə cəlb etmək imkanı verəcək ki, bu da həm generasiya güclərinin artırılmasını, həm də elektrik verilişi xətləri və digər obyektlər daxil olmaqla zəruri şəbəkə infrastrukturunun inşasını əlavə olaraq sürətləndirəcək”.
O qeyd edib ki, üçüncü element texniki komponent, xüsusən də elektrik enerjisinin nəqli məsələləridir və onun qiymətləndirməsinə görə, bu, ən kritik əhəmiyyətə malik aspektdir.
“Bir çox dövlətlər bərpa olunan enerjinin genişmiqyaslı inkişafına can atır, lakin öz enerji şəbəkələrinin hazırkı vəziyyəti və hələlik səmərəli idarə edə bilmədikləri bərpa olunan enerji mənbələri generasiyasının qeyri-sabitliyi səbəbindən buna qadir deyillər. Regionların ümumi enerji şəbəkəsinə inteqrasiyası dövlətlərə iqtisadi cəhətdən sərfəli elektrik mənbəyi kimi özünü doğrultmuş bərpa olunan enerji mənbələrini daha fəal şəkildə tətbiq etməyə imkan verəcək. Nəticədə bu, müxtəlif regionlarda enerjinin qiymət əlçatanlığının artmasına və ümumi şəbəkə infrastrukturunun optimallaşdırılmasına gətirib çıxaracaq.
Lakin bu niyyətin həyata keçirilməsi üçün ən vacib komponentlərdən üçüncüsü birləşmiş şəbəkənin bütün iştirakçıları arasında elektrik enerjisinin dövlətlərarası ötürülməsinin düzgün planlaşdırılmasıdır. İlkin mərhələdə ölkələr dəqiq plan hazırlamalı və proqnoz qiymətləndirmələri aparmalıdır: müxtəlif enerji dəhlizləri üzrə hər bir dövlət tərəfindən hansı həcmdə tələb və təklif formalaşdırılacaq”, – Ə. Zayed vurğulayıb.
https://report.az/energetika/masdar-muxtelif-olkelerin-enerji-sistemlerinin-birlesdirilmesi-ucun-uc-esas-serti-aciqlayib