Bərpa olunan enerji mənbələrinə (BOEM) əsaslanan hibrid sistemlər, BOEM-lərin genişmiqyaslı tətbiqi şəraitində enerji şəbəkələrinin etibarlılığının təmin edilməsində həlledici amil kimi çıxış edir. “Report” xəbər verir ki, bu fikirləri “SOCAR Green”in Texnologiyalar və innovasiyalar departamentinin direktoru Elçin Tarquliyev Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisindəki panel müzakirəsi zamanı səsləndirib.
“Bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasının artması ilə qarşımızda duran vəzifənin mahiyyəti dəyişir. Artıq məsələ sadəcə BOEM-in payını necə artırmaq yox, bunu enerji sistemlərinin çevikliyinə və etibarlılığına zərər vermədən necə həyata keçirməkdir. Məhz bu kontekstdə hibrid bərpa olunan sistemlər BOEM-in geniş tətbiqi zamanı şəbəkə təhlükəsizliyini təmin edən əsas vasitələrdən birinə çevrilir. İlk növbədə, günəş enerjisi istehsalı çox spesifik profilə malikdir və hava şəraitindən çox asılıdır. Oxşar vəziyyət külək enerjisi üçün də xarakterikdir. Lakin onların birgə istifadəsi faktiki olaraq enerji verilişinin qeyri-sabitliyini azaldır. Çünki günəş enerjisi aydın və küləksiz hava tələb edir, külək enerjisi isə əksinə, daha dinamik və dəyişkən atmosfer şəraitinə ehtiyac duyur. Beləliklə, bu iki mənbə müəyyən dərəcədə bir-birini kompensasiya edir. Hər iki texnologiyanın enerji saxlama sistemləri ilə inteqrasiyası isə daha balanslı və etibarlı enerji təchizatına nail olmağa imkan verir”, – deyə Tarquliyev vurğulayıb.
Onun qiymətləndirməsinə görə, bu, bərpa olunan enerjinin gələcək inkişafının əsasən hibrid xarakter daşıyacağına işarə edir. “Lakin hibridləşmə özü ilə çox ciddi çağırışlar da gətirir. Xüsusilə, həm günəş, həm də külək generasiyası və ya digər kombinə edilə bilən texnologiyalar üçün əlverişli potensiala malik ərazilərin seçilməsi tələb olunur. Hidrogenə gəlincə, o, xüsusilə karbon neytrallığına nail olmaq istiqamətində çalışarkən, qarşıdakı onillikdə enerji transformasiyasının ayrılmaz tərkib hissəsinə çevriləcək. Bu, ilk növbədə onunla izah olunur ki, ağır sənaye müəssisələrini və tullantıların azaldılması çətin olan sektorları sadəcə elektrikləşdirmək mümkün deyil. Buna görə də aralıq enerji daşıyıcısı – bərpa olunan enerjini bu cür çətin modernləşdirilən obyektlərdə istifadəyə yararlı yanacağa çevirə bilən bir vasitə lazımdır. Hidrogen bu funksiyanı tamamilə yerinə yetirməyə qadirdir.”
https://report.az/energetika/socar-green-gunes-ve-kulek-enerjisinin-birlesdirilmesi-elektrik-enerjisi-istehsalinin-qeyri-sabitliyini-azaldir