XƏBƏRLƏR

Səfir: "Energetika Bakı və Berlin arasında əməkdaşlığın əsas istiqamətidir"

İYUN 16, 2026

Energetika sektoru Azərbaycan və Almaniya arasında ticari-iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır. Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann azərbaycanlı jurnalistlərlə vida görüşündə bildirib, “Report” xəbər verir.

Onun sözlərinə görə, Azərbaycan neftinin idxalı ilə yanaşı, üç Almaniya şirkəti artıq Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz tədarükü müqavilələri imzalayıb.

Diplomat qeyd edib ki, iki ölkə arasında boru kəməri əlaqəsi olmadığı üçün Almaniya Azərbaycan qazını birbaşa almır.

“Bununla belə, Azərbaycanın Avropa İttifaqına tədarük etdiyi qaz əsasən İtaliyaya daxil olur və sonra vahid Avropa enerji bazarında satılır. Ölkələr və enerji şirkətləri arasında müxtəlif svop əməliyyatları vasitəsilə Almaniya Azərbaycan qazını, əsasən İtaliya və Avstriya ilə mübadilə əqdləri yolu ilə dolayı şəkildə istehlak edir”, – Horlemann deyib.

Onun sözlərinə görə, bu, Avropa enerji bazarının sabitləşməsinə töhfə verir və Rusiya-Ukrayna münaqişəsinin başlamasından və Hörmüz boğazı vasitəsilə gəmiçilikdə yaranan fasilələrdən sonra onun üzərinə düşən yükü azaltmağa kömək edir.

Səfir həmçinin qeyd edib ki, Almaniya ilə Azərbaycan arasında ticarət əlaqələri balanslı olaraq qalır.

“Azərbaycanın Almaniyaya ixracatının əsasını neft təşkil edir, Almaniya isə Azərbaycana maşın, avadanlıq, elektronika və avtomobillər tədarük edir”, – deyə o əlavə edib.

https://report.az/xarici-siyaset/sefir-energetika-baki-ve-berlin-arasinda-emekdasligin-esas-istiqametidir