XƏBƏRLƏR

SOCAR-ın vitse‑prezidenti Azərbaycanın aşağı karbonlu enerji perspektivlərini açıqlayıb

İYUN 17, 2026

Ortamüddətli perspektivdə Azərbaycan öz enerji portfelini aşağı karbonlu molekullarla – yaşıl hidrogen və yaşıl ammonyakla tamamlamağı nəzərdə tutur. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse‑prezidenti Əfqan İsayev İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində təşkil olunmuş Azərbaycanın investisiya perspektivləri üzrə forumda çıxışı zamanı bildirib, “Report” xəbər verir.

“Hələlik biz nəzərdə tutulan pilot layihələrin texniki‑iqtisadi əsaslandırmalarında müsbət nəticələr əldə edə bilməmişik – burada iştirak edən bəzi həmkarlarımıza məlum olduğu kimi – çünki onların iqtisadi səmərəliliyini təmin etmək üçün əhəmiyyətli miqyas effekti tələb olunur. Lakin biz bu istiqamətdə işləri davam etdiririk”, – SOCAR-ın vitse‑prezidenti vurğulayıb.

Ə.İsayev həmçinin xatırladıb ki, Azərbaycanın strategiyasına əsasən, 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin ölkənin enerji balansındakı payı 30% təşkil etməlidir.

“Hazırda qeydə aldığımız bütün irəliləyişlərə və layihələrin icra statusu ilə bağlı aktual məlumatlara əsaslanaraq, belə bir təəssürat yaranır ki, biz faktiki olaraq bu hədəfi üstələyəcəyik. Artıq 34%-dən, ehtimal ki, 38%-ə qədər olan diapazondan söhbət gedir. Azərbaycan etibarlı neft və qaz ixracatçısı rolundan imtina etmək niyyətində deyil. Biz sadəcə mövcud baza üzərində yeni elementlər qururuq. Bu, bizim üçün ideoloji transformasiya deyil, iqtisadi imkandır. Məsələ burasındadır ki, biz nə qədər çox bərpa olunan enerji gücü və obyektlərini istismara verib inşa etsək, bir o qədər çox təbii qazı sərbəstləşdirə bilərik. Eyni zamanda, onu həm regional, həm də Avropa bazarlarına daha çox yönəldə bilərik. Bundan əlavə, biz sizin tərəfinizdən əlavə maliyyə dəstəyinə ümid edirik”.

https://report.az/energetika/socar-in-vitse-prezidenti-azerbaycanin-asagi-karbonlu-enerji-perspektivlerini-aciqlayib