Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropa ilə birləşdirəcək Xəzər dənizindən keçən yaşıl enerji dəhlizi layihəsinin texniki‑iqtisadi əsaslandırmasının (TİƏ) 2027-ci ilin yanvarınadək başa çatdırılması planlaşdırılır. Bu barədə “Report”a Özbəkistanın energetika nazirinin müavini Ümid Mamadaminov V Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində məlumat verib.
Mamadaminovun sözlərinə görə, TİƏ üzrə hazırlıq işlərinə artıq başlanılıb və İtaliyanın mühəndislik və konsaltinq şirkəti olan CESI layihənin aparıcı məsləhətçisi seçilib.
“Biz TİƏ-nin birinci mərhələsinin 2027-ci ilin yanvarınadək tamamlanacağını gözləyirik. Bu, layihənin icrasının növbəti mərhələsinə keçmək üçün texniki, iqtisadi və kommersiya əsasını təmin edəcək”, – o bildirib.
Nazir müavini vurğulayıb ki, yaşıl enerji dəhlizi Mərkəzi Asiyada həyata keçirilən strateji cəhətdən ən əhəmiyyətli enerji təşəbbüslərindən biridir. Onun sözlərinə görə, layihə Mərkəzi Asiyada bərpa olunan mənbələrdən istehsal edilən elektrik enerjisinin Xəzər dənizindən keçən xüsusi ötürücü dəhliz vasitəsilə Avropa bazarlarına ixracına yönəlib.
“Mərkəzi Asiya nəhəng bərpa olunan enerji resurslarına, xüsusən də külək və günəş enerjisi istehsalı üzrə böyük potensiala malikdir. Təkcə Özbəkistan və Qazaxıstan gələcək yaşıl elektrik enerjisi ixracı üçün əhəmiyyətli imkanlar yaradacaq bərpa olunan enerji inkişafı üzrə irimiqyaslı proqramlar həyata keçirirlər. Yaşıl enerji dəhlizi bu regional potensialı açmaq və Mərkəzi Asiya ilə Avropa arasında enerji əlaqəliliyini gücləndirmək məqsədi daşıyır”, – deyə o bildirib.
Mamadaminov qeyd edib ki, bütün iştirakçı ölkələr təşəbbüsün həyata keçirilməsində birgə iştirak edir və layihənin əlaqələndirilməsi üçün artıq xüsusi layihə şirkəti yaradılıb.
O vurğulayıb ki, layihə dünyanın digər regionlarında uğurla tətbiq olunan, sınaqdan keçirilmiş texnologiyalara əsaslanır. “Bu, eksperimental konsepsiya deyil. Yüksək gərginlikli sualtı sistemlərarası birləşmələrin analoji layihələri artıq bir sıra ölkələr arasında uğurla fəaliyyət göstərir – Norveç ilə Niderland arasında NorNed, Niderland ilə Böyük Britaniya arasında BritNed, Norveç ilə Böyük Britaniya arasında North Sea Link, Almaniya ilə Norveç arasında NordLink, Danimarka ilə Böyük Britaniya arasında Viking Link, həmçinin İtaliyanın əsas hissəsini Sardiniya ilə birləşdirən SAPEI kabeli. Bu layihənin unikallığı ondan ibarətdir ki, o, Mərkəzi Asiya ilə Avropa arasında ilk birbaşa yaşıl enerji körpüsünü yaradacaq”, – nazir müavini qeyd edib.
Mamadaminov daha geniş regional əməkdaşlığı şərh edərək bildirib ki, Özbəkistan və Azərbaycan enerji sektorunda strateji tərəfdaşlığı gücləndirməyə davam edir: “Xüsusilə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkneftqaz neft‑qaz sənayesinin bir sıra sahələri üzrə fəal əməkdaşlıq edirlər”.
O əlavə edib ki, iki ölkə arasında enerji əməkdaşlığı ənənəvi karbohidrogenlər çərçivəsindən kənara çıxır və getdikcə daha çox bərpa olunan enerjinin inkişafını, regional enerji əlaqəliliyini və enerji təhlükəsizliyi sahəsində uzunmüddətli təşəbbüsləri əhatə edir.
https://report.az/energetika/umid-mamadaminov-xezerden-kecen-enerji-dehlizinin-tie-nin-birinci-merhelesi-gelen-il-basa-catacaq-ekskluziv