Azərbaycan və Rumıniya arasında "Yaşıl Enerji Dəhlizi" layihəsi ilə bağlı müzakirələr aparılıb, "Report" Energetika Nazirliyinə istinadən xəbər verir.
Söhbət energetika naziri Pərviz Şahbazovla Rumıniya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Marius‑Qabriel Lazurka arasında keçirilən görüşdə baş tutub.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında enerji sahəsinin mühüm rol oynadığı vurğulanıb. Neft‑qaz tədarükü və SOCAR-ın Rumıniyadakı geniş fəaliyyəti karbohidrogen sektorunda yüksək əməkdaşlığın göstəriciləri kimi qeyd edilib.
Bildirilib ki, "Xəzər‑Qara dəniz‑Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi bu əməkdaşlığı elektrik enerjisi sahəsində daha da möhkəmləndirəcək. Marius‑Qabriel Lazurka bu layihənin təkcə ayrı‑ayrı ölkələr üçün deyil, bütövlükdə Avropa İttifaqının enerji təhlükəsizliyi və dayanıqlı inkişafı üçün xüsusi əhəmiyyət daşıdığını bildirərək, Azərbaycanın bu təşəbbüs çərçivəsində Avropanın mühüm enerji tərəfdaşı olduğunu vurğulayıb.
Görüşdə layihənin texniki‑iqtisadi əsaslandırmasının nəticələrinin yaxın zamanda təqdim ediləcəyi bildirilib. Qeyd olunub ki, "Yaşıl Enerji Dəhlizi" həm Azərbaycan kimi istehsalçı ölkələr, həm də Rumıniya, Macarıstan və digər Mərkəzi və Şərqi Avropa ölkələri üçün uzunmüddətli iqtisadi və enerji faydaları yaradacaq.
Görüşdə həmçinin Rumıniyanın enerji sahəsində həyata keçirdiyi yeniliklər nəzərdən keçirilib və gələcək əməkdaşlıq imkanları qiymətləndirilib.
17:16
Azərbaycan və Rumıniya enerji tərəfdaşlığının əhəmiyyəti və "Yaşıl Enerji Dəhlizi" layihəsinin inkişafı məsələlərini müzakirə edib, "Report" energetika naziri Pərviz Şahbazovun "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.
Məlumata görə, bu müzakirələr Rumıniya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Marius‑Qabriel Lazurka ilə görüşdə baş tutub.
Nazir bildirib ki, layihənin Avropanın artan enerji tələbatının qarşılanmasında mühüm rolunu nəzərə alaraq, əməkdaşlığın gücləndirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.
https://report.az/energetika/azerbaycan-ruminiya-ile-yasil-enerji-dehlizinin-inkisafini-muzakire-edib