XƏBƏRLƏR

Türkmənistan və Malayziya energetika sahəsində əməkdaşlıq üzrə sazişlər zərfini imzalayıblar

İYUN 22, 2026

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Malayziyanın Baş naziri Ənvər İbrahim Aşqabadda danışıqlar aparıblar, "Report" "Orient.tm" portalına istinadən xəbər verir.

Bildirilib ki, tərəflər neft-qaz və digər sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş sənədlər paketi imzalayıblar.

S.Berdiməhəmmədov qeyd edib ki, Malayziyanın "Petronas" şirkəti Türkmənistanda fəaliyyət göstərdiyi illər ərzində ölkənin neft-qaz sənayesinə təxminən 12 milyard dollar investisiya yatırıb. Onun sözlərinə görə, şirkətlə əməkdaşlıq Xəzər dənizinin Türkmənistan şelfində bir sıra iri layihələrin həyata keçirilməsinə şərait yaradıb.

Malayziya lideri öz növbəsində bildirib ki, Kuala-Lumpur Türkmənistanla əlaqələrin şaxələndirilməsini hədəfləyir.

"Gələcək iqtisadi əməkdaşlığın diqqət mərkəzində süni intellekt, elmi tədqiqatlar, rəqəmsallaşma və yarımkeçiricilərin istehsalı sahələrində yüksək texnologiyalı layihələr dayanır. Bu sahələrdə Malayziyanın qabaqcıl təcrübəsi var", – deyə o vurğulayıb.

https://report.az/energetika/turkmenistan-ve-malayziya-energetika-sahesinde-emekdasliq-uzre-sazisler-zerfini-imzalayiblar