XƏBƏRLƏR

SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq

İYUN 23, 2026

Serbiyanın "Elektroprivreda Srbije" (EPS) şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Niş şəhərində qaz elektrik stansiyasının inkişafı, tikintisi və idarə olunması üzrə səhmdarlar müqaviləsinin yaxın həftələrdə imzalanacağı gözlənilir. Bu barədə "Report"un Balkan bürosu Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviçin Niş şəhərinin meri Draqoslav Pavloviçlə görüşünə istinadən xəbər verir.

Tərəflər görüş zamanı Nişdə qazla işləyən elektrik stansiyasının tikintisi layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətləri müzakirə ediblər.

Handanoviç vurğulayıb ki, elektrik stansiyasının tikintisinin 2030-cu ildə başa çatdırılması planlaşdırılır: "Planlaşdırma sənədlərinin hazırlanması və uyğunlaşdırılması üzrə işlərə başlanılıb. Niş şəhərinin məkan planı artıq qəbul olunub və bu, planlaşdırma sənədləri üzərində gələcək işlər üçün zəmin yaradır. Layihədə iştirak edən bütün aidiyyəti tərəflərin görüşündə layihəçidən 2030-cu ilin sonunadək həyata keçiriləcək əsas fəaliyyətlər və icra qrafiki barədə məlumat almaq mümkün olub. Məhz həmin ildə elektrik stansiyasının tikintisinin tamamlanması nəzərdə tutulur. Yeni obyekt elektrik enerjisi təchizatının etibarlılığını artıracaq və Serbiyanın enerji sabitliyini gücləndirəcək, eyni zamanda Niş sakinlərinin istilik enerjisi ilə təminatının yaxşılaşdırılmasına əlavə töhfə verəcək".

Nazir vurğulayıb ki, layihənin hazırlanması üçün zəruri olan bütün tədbirlərin mümkün qədər tez həyata keçirilməsi məqsədilə bütün iştirakçıların tam səfərbər olması vacibdir: "Bu prosesə EPS və SOCAR arasında birgə müəssisənin yaradılması da daxildir. Hazırda gələcək birgə şirkət üçün EPS və SOCAR arasında səhmdarlar müqaviləsinin razılaşdırılması prosesi davam edir və sənədin yaxın həftələrdə imzalanması gözlənilir".

Niş şəhərinin meri Draqoslav Pavloviç bildirib ki, şəhər administrasiyası və bütün yerli qurumlar layihənin mümkün qədər tez hazırlanmasına və tikintinin qısa zamanda başlanması üçün lazım olan bütün addımların atılmasına maksimum dərəcədə sadiqdirlər.

Qeyd edək ki, iyunun əvvəlində Bakıda EPS və SOCAR Nişdə qaz elektrik stansiyasının inkişafı, tikintisi və idarə olunması üzrə əməkdaşlığın əsas şərtlərini müəyyən edən sənəd imzalayıblar. Bu sənəddə layihənin hazırlanması və həyata keçirilməsi üçün birgə səhmdar cəmiyyətinin yaradılmasının əsas prinsipləri, eləcə də gələcək əməkdaşlığın əsas kommersiya aspektləri müəyyən edilib.

Handanoviç xatırladıb ki, Niş QES Serbiya ilə Azərbaycan arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən strateji layihədir. Bu layihə üzrə dövlətlərarası saziş bu ilin fevral ayında Belqradda hər iki ölkənin prezidentlərinin iştirakı ilə imzalanıb.

https://report.az/energetika/socar-serbiya-sirketi-ile-yaxin-heftelerde-sehmdarlar-muqavilesi-imzalayacaq