XƏBƏRLƏR

Tacikistan Azərbaycanın "Yaşıl Enerji Dəhlizi"nə qoşulmaqda maraqlıdır – EKSKLÜZİV

İYUN 24, 2026

Tacikistan və Azərbaycan arasında hidroenergetika sahəsində əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensial mövcuddur. Bu barədə "Report"a Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon məlumat verib.

Səfir xatırladıb ki, təxminən bir ay əvvəl Azərbaycanın paytaxtı hökumət başçılarının müavinləri səviyyəsində ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın iclasına ev sahibliyi edib. Tədbir zamanı tərəflər energetika sektorunu və Azərbaycan biznesinin Tacikistan ərazisindəki layihələrin icrasına cəlb edilməsi perspektivlərini ətraflı nəzərdən keçiriblər.

"Tacikistan tərəfi hər zaman yeni investorların, ilk növbədə isə Azərbaycandan olan investorların cəlb edilməsinə hazırdır. Hazırladığımız və maliyyələşdirməyə ehtiyacı olan təşəbbüslərin Azərbaycan iş adamlarının marağına səbəb olacağına əminik. Biz qarşılıqlı faydalı əməkdaşlığa açığıq", – deyə İ. Abdurahmon bildirib.

Diplomatik nümayəndə Tacikistanın nəhəng bərpa olunan enerji ehtiyatlarına malik olduğuna diqqət çəkib. "Elektrik enerjimizin 98%-dən çoxu su elektrik stansiyalarında istehsal olunur. Bu, ən ekoloji və iqtisadi cəhətdən ən sərfəli üsuldur. Yaxın vaxtlarda biz xaricə yaşıl enerji tədarükünün həcmini artıra biləcəyik. Hazırda iki iri obyekt fəaliyyət göstərir: sovet dövründə inşa edilmiş və bu yaxınlarda yenilənmiş Nurek su elektrik stansiyası, eləcə də layihə gücü 3600 meqavat olan və hazırda tikilməkdə olan Roqun su elektrik stansiyası", – səfir izah edib.

İ. Abdurahmon əlavə edib ki, mövcud razılaşmalara əsasən yay aylarında elektrik enerjisi qonşu dövlətlərə – Əfqanıstan və Özbəkistana ixrac olunur, yaxın gələcəkdə isə Qırğızıstana da tədarük başlayacaq.

"Bundan əlavə, Qırğızıstan və Əfqanıstan ərazilərindən Pakistana elektrik enerjisinin tranzitini nəzərdə tutan CASA‑1000 təşəbbüsü həyata keçirilir. Hazırda Əfqanıstanda elektrik verilişi xətlərinin tikintisi başa çatmaq üzrədir, daha sonra ekoloji təmiz enerji birbaşa Pakistan istehlakçılarına tədarük ediləcək. Qərb istiqamətində də planlar mövcuddur. Məlumdur ki, Qazaxıstan Azərbaycanla birgə Xəzər dənizi vasitəsilə sualtı kabelin çəkilməsi imkanını araşdırır. Mərkəzi Asiya dövlətlərinin enerji sistemləri birləşdiriləcəyi təqdirdə şəbəkələrimizin inteqrasiyası asanlıqla həyata keçiriləcək. O zaman elektrik enerjisini Qazaxıstana, oradan isə tranzitlə Azərbaycana ixrac etmək üçün texniki imkan yaranacaq. Tacikistan 'Mərkəzi Asiya‑Azərbaycan yaşıl dəhlizi'nə qoşulmaqda son dərəcə maraqlıdır", – diplomat qeyd edib.

Onun bəyanatına əsasən, hazırda iki hidroaqreqat fəaliyyət göstərir, daha dördünün işə salınması gözlənilir. "Bütün turbinlər istismara verildikdən sonra yay aylarında – Asiya və Avropa bazarlarında soyutma üçün maksimal tələbat dövründə – böyük həcmlərdə elektrik enerjisi ixrac etmək imkanı yaranacaq. Yaxın onillik ərzində biz qış ixracını da yola qoymağı planlaşdırırıq. Beynəlxalq iqlim razılaşmaları fonunda rəqəmsallaşma prosesləri, süni intellektin tətbiqi və elektromobillərin populyarlığının artması nəzərə alınmaqla, ekoloji cəhətdən təmiz və ucuz enerjiyə ehtiyac artmaqda davam edəcək. Beləliklə, hidroenergetika dövlətlərarası qarşılıqlı fəaliyyətin perspektivli istiqaməti kimi çıxış edir. Su elektrik stansiyaları ilə yanaşı, Tacikistan bu gün günəş energetikasını da fəal şəkildə tətbiq edir. Hesab edirəm ki, bir çox digər sahələrdə də əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli potensialın olmasına baxmayaraq, energetika sektoru Azərbaycanla əlaqələrin inkişafı üçün əsas stimul olacaq", – deyə İ. Abdurahmon bildirib.

https://report.az/energetika/tacikistan-azerbaycanin-yasil-enerji-dehlizi-ne-qosulmaqda-maraqlidir-ekskluziv