Slovakiya qaz təchizatı sahəsində Azərbaycanı strateji tərəfdaş kimi qiymətləndirir.
"Report"un məlumatına görə, Slovakiya Prezidenti Peter Pelleqrini "AnewZ" telekanalına müsahibəsində bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin başlanması və ardınca yaranan enerji böhranı dövründə Azərbaycan Bratislavaya müxtəlif marşrutlar vasitəsilə təbii qaz tədarükü imkanları təqdim edib.
Prezident qeyd edib ki, Bakı Slovakiyaya həm "Türk axını", həm də Bolqarıstan və İtaliya üzərindən Avstriyaya uzanan alternativ marşrutlar vasitəsilə qaz nəql etmək üçün mövcud güclərin bir hissəsini təklif edib. Onun sözlərinə görə, Slovakiya artıq Azərbaycandan qaz alıb və hazırda Mərkəzi Avropaya uzunmüddətli qaz tədarükünü təmin edəcək həll variantları üzərində işləyir.
Pelleqrini vurğulayıb ki, Avropa İttifaqının 2027-ci ildən sonra Rusiya qazından imtina etmək planları fonunda Slovakiya enerji mənbələrini şaxələndirməyə çalışır və bu prosesdə Azərbaycan əsas rol oynayan ölkələrdən biri hesab olunur.
Slovakiya Prezidenti həmçinin Bakı ilə Bratislava arasında münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib. O qeyd edib ki, Slovakiya Azərbaycana yalnız bazar kimi deyil, qarşılıqlı əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi yanaşır.
Onun sözlərinə görə, bu əməkdaşlıq müdafiə sənayesini də əhatə edir. Tərəflər yeni hərbi texnikanın birgə istehsalına dair layihəni müzakirə ediblər və gələcəkdə bu məhsulların Azərbaycan vasitəsilə digər bazarlara çıxarılması nəzərdə tutulur.
Sonda xatırladılıb ki, Slovakiyanın 2027-ci ildən sonra Azərbaycandan ildə təxminən 1,2 milyard kubmetr qaz almağı planlaşdırdığı barədə daha əvvəl məlumat yayılmışdı.
https://report.az/xarici-siyaset/slovakiya-prezidenti-azerbaycan-qaz-tehcizati-meselesinde-bratislavanin-esas-terefdasidir