XƏBƏRLƏR

Milli Məclisin növbəti plenar iclası keçirilib

MAY 25, 2021

Mayın 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə 18 məsələdən ibarət gündəlik təsdiqlənib.

“Torpaq Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən (ikinci oxunuş) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, deputatlar bu qanunlara edilən dəyişikliyə birinci oxunuşda müsbət münasibət bildiriblər, heç bir irad olmayıb. Qanun layihəsi iclasda ikinci oxunuşda da razılıqla qarşılanıb.

Milli Məclisin plenar iclasında birinci oxunuşda təqdim olunmuş 2 qanun layihəsi də ətraflı müzakirə olunub.

Əvvəlcə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsi (birinci oxunuş) barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun şərhi dinlənilib. Müasir dünyada bərpa olunan enerji mənbələrinin böyük rolundan söz açan komitə sədri bildirib ki, Energetika Nazirliyinin təqdim etdiyi bu qanun layihəsi beynəlxalq təcrübəyə istinadən, beynəlxalq maliyyə qurumlarının, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə investisiya qoymağa maraqlı olan beynəlxalq şirkətlərin və qeyri-hökumət təşkilatlarının rəy və təklifləri öyrənilməklə hazırlanıb.

Deputatların nəzərinə çatdırılıb ki, 5 fəsil 20 maddədən ibarət olan bu qanunun qəbulu ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mühüm nəticələrin əldə edilməsinə, investisiyaların cəlbinə, ənənəvi enerji resurslarına qənaət olunmasına, nəticədə ixrac potensialımızın artırılmasına, ətraf mühitə atılan tullantıların azaldılmasına, dövlət vəsaitlərinə qənaət edilməsinə, yeni iş yerlərinin açılmasına imkan yaradacaq.

Müzakirələrdə deputatlar Musa Quliyev, Eldar Quliyev, Asim Mollazadə, İltizam Yusifov, Razi Nurullayev, Fazil Mustafa, Məşhur Məmmədov rəy və təkliflərini bildiriblər. Sadiq Qurbanov deputatları maraqlandıran sualları cavablandırandan sonra layihə səsə qoyulub və birinci oxunuşda qəbul edilib.

https://azertag.az/xeber/Milli_Meclisin_novbeti_plenar_iclasi_kechirilib-1789695